Azinfo » Bloq » Prezident İlham Əliyev BMT-də: "Ədalət zəfər çaldı, sülh təmin olundu"

Prezident İlham Əliyev BMT-də: "Ədalət zəfər çaldı, sülh təmin olundu"

Tarix : 28-09-2025   /   Bloq  

Nyu-York, 25 sentyabr. – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəmizin son otuz ildə keçdiyi yola, qələbə və sülhə aparan proseslərə diqqət çəkdi.
Dövlət başçısı Ermənistanın 30 ilə yaxın işğal siyasətindən, azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsindən və beynəlxalq təşkilatların ədalətsiz mövqeyindən danışdı. O qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Prezident vurğuladı ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsü irəli sürüb. Vaşinqton Sammitində Ermənistanla sülh müqaviləsinin mətni paraflanıb, Zəngəzur dəhlizi və regional əməkdaşlıq barədə razılaşmalar əldə olunub. ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin tətbiqini dayandırması da mühüm addım kimi dəyərləndirildi.
İlham Əliyev, həmçinin, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinin başladığını, “Böyük Qayıdış” Proqramı çərçivəsində on minlərlə insanın yurdlarına qayıtdığını bildirdi.
Çıxışında iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və rəqəmsal inkişaf kimi qlobal məsələlərə də toxunan Prezident Azərbaycanın etibarlı tərəfdaş və beynəlxalq təşəbbüslərin fəal iştirakçısı olduğunu qeyd etdi.
Nitqin sonunda Prezident belə bir çağırış etdi: “Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi, sülh təmin olundu. Gəlin, birlikdə ədalətin seçici yox, ümumbəşəri dəyər olduğu bir dünya quraq.”


Günay Məmmədova
 Masallı şəhər sakini

Şərhlər: 0

Şərh yaz