Əfv və amnistiya institutlarının Ulu Öndər Heydər Əliyev tərəfindən bərpası da olduqca mühüm əhəmiyyətə malikdir:
"Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrildi". Dahi öndərin insan hüquq və azadlıqlarının təmini sahəsində atdığı mühüm addımlardan biri də fikir və söz azadlığının təmini və inkişaf etdirilməsi ilə bağlı olub: "Belə ki, Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanla mətbuat üzərində senzura ləğv edildi, kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün münbit şərait yaradıldı". Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması kimi vəzifələr nəzərdə tutulub: "Heydər Əliyev insan hüquqları sahəsində yalnız qanunların qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə, müdafiəsi mexanizminin təmininə də xüsusi diqqətlə yanaşırdı. Məhz ümummilli liderin rəhbərliyi ilə bu sahədə aparılan hüquqi islahatların məntiqi nəticəsi kimi 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmiş, Ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza formalaşdırılmış, 2 iyul 2002-ci il tarixdə Ulu öndərin xeyir-duası ilə respublikamızda da digər inkişaf etmiş demokratik ölkələrdə olduğu kimi Ombudsman institutu təsis edilmişdir. Bütün bunlar ulu öndərin insan hüquq və azadlıqlarının qorunmasına verdiyi önəmin nəticəsidir. Azərbaycanın insan hüquqları üzrə Müvəkkilinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktın məhz konstitusiya statuslu olması dövlətin bu təsisatın fəaliyyətinə, ümumilikdə isə insan hüquqlarının müdafiəsi işinə verdiyi böyük önəmin göstəricisi olaraq qiymətləndirilməlidir". Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir.
Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir. Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər istisna təşkil edir. Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir.
İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, 18 iyun 2007-ci il tarixli Sərəncamla 18 iyun tarixinin "İnsan Hüquqları Günü” kimi təsis olunması, 27 dekabr 2011-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi və bu kimi digər tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində islahatların uğurla davam etməsinin bariz göstəricisidir. Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim böyük diqqət yetirilir və möhətərəm Prezident İlham Əliyevin yürütdüyü siyasət məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.
Ziya İsmayilov
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri
Şərhlər: 0
Şərh yaz