Azinfo » Bloq » Köşə yazıları » Tarixi şəxsiyyətlər unudulmur.

Tarixi şəxsiyyətlər unudulmur.

Tarix : 02-03-2023   /   Bloq / Köşə yazıları  

Bəhmənli Daşdəmir İbrahim oğlu 1 mart 1939 - cu ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur.

1940 - cı ildə atası İbrahim kişi şəxsi torpaq sahələrinin kolxoz mülkiyyətinə verilməsinə etiraz etdiyi üçün, həbs olunur. Həmin vaxt  Daşdəmirin bir yaşı var imiş. Atası İbrahim həbs olunduğu dövrdə bütün əmlakı müsadirə olunmuşdur. Daha sonra 1941 - 1945 - ci illər müharibəsi dövründə ailə çətin duruma düşmüşdür. Daşdəmir və bacısı Gürcü anası Simuzər xanımın himayəsində ağrılı-acılı günlər yaşamışdır. 

Daşdəmir Bəhmənli 1946 - cı ildə Çayrud kənd orta məktəbində birinci sinifə daxil olmuşdur. O zamanlar Lerik  və qonşu rayonlarda adına və təhsil səviyyəsinə  görə  Çayrud məktəbi birincilər sırasında olub. Məktəbin adlı - sanlı müəllimləri də dillər əzbəri idi. Rza Əsədullayev,  Qardaş Rzayev , Mötəban Dənziyev və digər tanınmış müəllimlərdən dərs alan Daşdəmir Bəhmənlı yüksək biliyə yiyələnmişdir .

Təhsil aldığı məktəbi əla qiymətlərlə başa vuran Daşdəmir Bəhmənliyə qızıl medal verilməmişdir. O buna etiraz olaraq, məktəb rəhbərliyinə yazılı vəsatətlə müraciət etmiş, lakin Lerik rayon maarif şöbəsi vəsatəti təmin etməmişdir. 

1965 - cı ildə orta məktəbi bitirdikdən sonra, ali təhsil almaq məqsədilə Daşdəmir Bəhmanlı sənədlərini o zamanlar qabaqcıl ali təhsil müəssəsi kimi tanınan Neft və Kimya İnstitutuna təqdim edir və sözügedən İnstitutun əyani fakultəsinə yüksək qiymətlərlə daxil olmuşdur. 


Ali təhsil alan Daşdəmir Bəhmənli yaşlı anası və bacısından heç bir maddi dəstək ala bilməmişdir. O , bütün bu çətinliklərə baxmayaraq ,  gecələr Bakı şəhərində kərpic zavodunda işləyərək, Lerik rayonunun Çayrud kəndində yaşayan yaşlı anasına və bacısına maddi yardım göstərmişdir. Yaşlı anası və bacısına maddi yardım göstərən gənc tələbə özünün tələbatlarını da , aldığı məvaciblə ödəmişdir. Uşaq ikən atasının günahsız və əsassız ittihamlarla həbsini unutmayan Daşdəmir Bəhmənli ədalət keşikçisi olmaq qərarına gəlir. Belə ki, 1969 - cı ildə ali təhsil aldığı Neft və Kimya İnistutun lV kursunu yarımçıq qoyur. Əvvəl olduğu kimi gecələr kərpic zavodunda işləməyə davam edir. Gecələr fəhlə kimi çalışan gənc Daşdəmir gündüzlər kitabxanalarda kitablar oxuyaraq daha da yüksək biliyə malik olmağa çalışır. Onun məqsədi hüquq təhsili almaq və ədalət keşikçisi olmaq idi.

1963 - cü ildə gənc Daşdəmir yüksək qiymətlərlə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1967 - ci ildə həmin Universiteti eyni şəkildə yüksək qiymətlərlə bitirəndən sonra peşəkar hüquqşünas kimi fəaliyyətə başlayan və yaddaşlarda qalan Daşdəmir Bəhmənli layiqli zirvələri və arzularını fəth etməyə nail olur. Beləliklə,  buraxılış imtahan komissiyasında göstərdiyi yüksək bilik və bacarıqlarını nəzərə alaraq, Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi tərəfindən birbaşa Prokurorluq orqanlarıda müstəntiq vəzifəsinə təyin olunmuşdur. 

1967 - 1972 - ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa və Şahbuz rayonlarında prokurorluqda müstəntiq vəzifəsində işləmişdir. Anasının yaşlı olması və doğma kəndini tərk etmək istəməməsi  səbəbindən öz xahişi ilə iş yerini Lerik rayonuna dəyişmişdir. Üç il müddətində əsasən Lerik rayon prokurorunu səlahiyyətlərini icra etmiş və müstəntiq vəzifəsində işləmişdir. İşlədiyi dövrdə Lerik rayonunda insanların məhəbbətini qazanmış və böyük nüfuza malik bir şəxsiyyət kimi tanınmışdır.

Fəaliyyətində fərqləndiyinə görə, həmin dövrlərdə ən böyük rayonlardan biri olan Masallı rayon prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin olunmuşdur.  1989 - cu ildə məhkəmələrdə ittihamçı prokuror kimi fəaliyyət göstərən Daşdəmir Bəhmənli,  həm də prokurorun müavini vəzifəsində işləmişdir. 1992 - ci ilin mart ayının 23 - ü iş vaxtı prokurorluğun inzibati binasında uzun sürən ürək çatışmazlığı xəstəliyindən qəfil dünyasını dəyişmişdir. Bu acı xəbər onu tanıyanları və Masallı rayon əhalisini çox kədərləndirmişdir.

Masallı rayonunda " Dağlar oğlu " kimi ad qazanmış Daşdəmir Bəhmənli rayonda işlədiyi 17 il müddətində əhali arasında ədalətli prokurorluq əməkdaşı və gözəl insan kimi yaddaşlara həkk olunmuşdur. Masallı rayonunun tanınmış ziyalıları, ağsaqqalları və sadə vətəndaşları Daşdəmir Bəhmənli haqqında xoş xatirələrini mütəmadi olaraq dilə gətirirlər. Daşdəmir Bəhmənlinin insani keyfiyyətlərinə görə çoxlarından fərqləndiyi və sadəliyi ilə seçildiyi Masallı rayonunda hamı tərəfindən bu gün də, danışılır. Onu yaxından tanıyanlar qonaqpərvər, təvazökar insan kimi xarakterizə edirlər. Əslində yüksək vəzifəli şəxslərin bu qədər sadə və təvazökar olması səbəbilə işlədiyi dövrdə insanların məhəbbətini qazanması hər kəsə nəsib olmur.

 Daşdəmir Bəhmanlının həyat yoldaşı Vilnaz xanım haqqında da,  Masallı rayonunda xoş sözlər söylənilir. Vilnaz xanımın da, qonaqpərvər və gözəl insan olduğu hamı tərəfindən qeyd edilir. 


Daşdəmir Bəhmənlinın  ailədə 4 oğlu , 2 qızı olmuşdur. Bir qızı və üç oğlu cavan vaxtlarında vəfat etmişdir. Böyük oğlu Araz bəhmənov, Cayrud kənd həkim məntəqəsində işləmiş, bilikli və bacarıqlı baytar həkim kimi 2016 - cı ilə qədər fəaliyyət göstərmişdir. Araz Bəhmənov da, atası kimi Lerik rayonunun və doğma Çayrud kənd sakinlərinin hörmətini qazanmışdır. Daşdəmir Bəhmənlinın Masallı rayonunda yaşayan oğlu Azər Bəhmənov atasının yolunu davam etdirmişdir. O Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmiş və uzun illər Masallı rayon Polis şöbəsində əməliyyat müvəkkili, müstəntiq və baş müstəntiq vəzifələrində işləmişdir. İşlədiyi dövrdə atası Daşdəmir Bəhmənlinın nüfuz və hörmətinə xələl gətirməmiş , əksinə onun adına layiqli olmağa çalışmış və rayon əhalisinin hörmətini qazanmışdır. Hüquq mühafizə orqanlarında təqaüdə çıxdıqdan sonra Azər Bəhmənov rayonda savadlı və ədalətli hüquqşünas kimi tanındığından Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən aparatın Hüquq şöbəsində hüquqşünas vəzifəsinə təyin edilmişdir. Azər Bəhmənov hal - hazırda Masallı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində hüquqşünas vəzifəsində çalışır.

Azər Bəhmənov

Şərhlər: 0

Şərh yaz