Azinfo » Siyasət » Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.

Tarix : 11-06-2022   /   Siyasət  

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.


Müşviq İbayev
YAP Masallı rayon təşkilatı
Qarğalıq məktəb ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz