Azinfo » Siyasət » Kəlbəcərdə aqrar sektorun inkişafı.

Kəlbəcərdə aqrar sektorun inkişafı.

Tarix : 22-11-2022   /   Siyasət  


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Kəlbəcər də var. 1993-cü ilin aprelindən işğal altında olan Kəlbəcərdə çoxşaxəli aqrar potensial mövcuddur. İşğal nəticəsində Kəlbəcərin yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.


Kəlbəcər rayonunun kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf edib. Torpaq örtüyünün əmələ gəlməsində relyef və iqlim mühüm rol oynayır, Kəlbəcər rayonunun relyefi də daha çox heyvandarlıq sahəsinin inkişafı üçün əlverişlidir. Yay otlaqları kimi istifadə edilən dağ çəmənlikləri geniş sahə tutur. Rayonda əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılıb. Kəlbəcərin orta dağlıq və dağ ətəyi ərazilərində iqlim şəraitinə uyğun olaraq dəmyə əkinçiliyi, bağçiliq, üzümçülük, tərəvəzçilik və tütünçülüyü inkişaf etdirmək olar. Yüksək dağlıq ərazilərin əhəmiyyəti ondan ibarətdir ki, iqlim şəraiti və dağ çəmən torpağından yaylaq kimi istifadə oluna bilər. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.


Vurğulayaq ki, 1980-ci illərin statistikasında Kəlbəcər rayonunun kənd təsərrüfatına yararlı torpaq sahələri 90 min hektardan çox olub. Bunun isə 83 min hektardan çoxunu örük, otlaq və biçənək sahəsi təşkil edir ki, bu da heyvandarlığın inkişafı üçün böyük potensial deməkdir.


İşğaldan sonrakı dövrdə Azərbaycanda yarımköçəri heyvandarlıq təsərrüfatlarına ciddi zərbə dəymişdi. Kəlbəcər ərazisindəki yaylaqlardan, Alp çəmənliklərinin imkanlarından istifadə edə bilməyən heyvandarlar sürüləri yay vaxtı digər bəzi dağlıq rayonlarının o qədər də geniş olmayan yaylaqlarına aparmaq məcburiyyətində qalırdılar. Bu isə heyvandarlığın inkişafına istər-istəməz öz mənfi təsirini göstərirdi. Bu baxımdan da Kəlbəcər rayonu keçmiş şöhrətini özünə qaytaracaq.

Kəlbəcərin işğaldan azad edilməsi ilə orda görüləcək işlər aqrar sektorun inkişafına yönələcəkdir.

Kəlbəcər Azərbaycanın həm aqrar sahədə, həm də turizm sahəsində seçilən rayonlarından olub: “Rayonun iqlimi və təbiəti imkan verir ki, heyvandarlığın inkişafına nail olmaq mümkün olsun. Xüsusilə də, Kəlbəcər rayonun işğaldan əvvəlki dövrlərdə ət məhsullarının istehsalında öndə olan rayonlarından idi”.


Kəlbəcər Azərbaycanın ət məhsullarının idxalından asılılığın azaldılması baxımından vacib rol oynayacaq: “Hazırda Azərbaycan ət məhsullarına olan tələbinin 70 %-indən çoxunu daxili istehsal hesabına ödəyir. Qonşu Gürcüstan daxil olmaqla, Azərbaycan ət idxal edir. Azərbaycan işğaldan azad edilmiş rayonlarımızın potensialını nəzərə alsaq bərpadan sonra ət məhsullarına olan təlabatın 90 %-indən çoxunu yerli təlabat hesabına ödəyəcək. İdxaldan aslılığın aradan qaldırılması və xüsusilə də yerli istehsalın genişləndirilməsi baxımından vacibdir. Bu, həm ət məhsullarının, eyni zamanda iqtisadi baxımından öz aktivliyini bərpa edəcək. Kəlbəcərin inkişafı yalnız həmin rayonun inkişafı deyil, bütün Respublikanın inkişafına töhfə vermiş olacaq”.


Qeyd edək ki, Azərbaycanda heyvandarlığın tarixi çox qədimdir. Bu sahədə qazanılmış zəngin təcrübə, uzun illər yaranmış və möhkəmlənmiş ənənə, kəndlilərin heyvandarlığa bağlılığı meyli hazırda bu sahənin sabit templə inkişafını təmin edir. Dünyada isə hazırda heyvandarlıqda yeni mərhələ başlayıb. Məqsəd daha az mal-qaradan daha çox məhsuldarlığa nail olmaqdır. Buna səbəb isə dünyada həmçinin Azərbaycanda da xüsusilə də örüş yerlərinin azalması daha çox əkinçiliyə cəlb edilməsi kimi problemlərin mövcudluğudur. Kəlbəcərin isə heyvandarlıq üçün böyük əraziyə malik olması Azərbaycanın gələcəkdə regionun heyvandarlıq sahəsində inkişaf etmiş bölgəsinə çevirəcək.

Musalı Eldəniz Havosət oğlu

YAP Masallı rayon təşkilatı
DAİM ərazi partiya təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz