Prezident BƏƏ-nin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.
Səfir Məhəmməd Əl Bluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib.
Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nahyanla telefon söhbətini xatırladan Prezident İlham Əliyev həmin söhbət zamanı əlaqələrimizin daha da intensivləşdirilməsinin vacibliyini bildirdiyini vurğulayıb.
Dövlət başçısı məmnunluqla qeyd edib ki, bu telefon danışığından sonra Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber Azərbaycanda səfərdə olub və səfər zamanı əməkdaşlığımızın strateji əhəmiyyəti qeyd edilib, həmçinin BƏƏ-nin ölkəmizdə konkret investisiya layihələri ilə bağlı səmərəli müzakirələr aparılıb.
Prezident İlham Əliyev bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasının önəmini vurğulayıb, hazırda ölkələrimiz arasında bərpaolunan enerji sahəsində çoxmilyardlı investisiya portfeli üzərində iş aparıldığını bildirib və bunu iki ölkə arasında dostluq, qardaşlıq və böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda çox əlverişli investisiya iqlimi, cəlbedici enerji sektoru mövcuddur və bu, BƏƏ hökuməti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyev ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu bildirib, eyni zamanda, digər sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əməkdaşlığın genişlənməsi üçün böyük imkanların olduğunu deyib və artıq ölkəmizin nəqliyyat infrastrukturuna BƏƏ tərəfindən investisiya qoyulduğunu qeyd edib. Azərbaycanın müxtəlif istiqamətlərə yönəlmiş çoxşaxəli mühüm regional nəqliyyat habına çevrildiyini vurğulayan dövlətimizin başçısı bu sahədə əməkdaşığımızın genişləndirilməsi üçün çox yaxşı perspektivlərin olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Abu-Dabi Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan, Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum və Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana çatdırmağı xahiş edib.
Ölkələrimiz arasında güclü qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan səfir BƏƏ-nin siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində böyük səylər göstərdiyini bildirdi.
Şərhlər: 0
Şərh yaz