Azinfo » Xəbər » Hadisə » DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib, 36 nəfər tutulub

DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib, 36 nəfər tutulub

Tarix : 01-02-2023   /   Xəbər / Hadisə  
İranlı narkobaronların ölkə daxilindəki havadarlarına qarşı əməliyyatlar keçirilib, 36 nəfər saxlanılıb, 114 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, “Pünhan”, “Baba”,“Peyman”, “Araz” və s... şərti adları altında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik vasitələr göndərən, sosial şəbəkələrdə gəncləri şirnikləndirici vədlərlə narkokuryerliyə cəlb edən mütəşəkkil cinayət dəstənin üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son 20 gündə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 36 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 114 kiloqram müxtəlif xassəli narkotik vasitə, psixotrop maddə, elektron tərəzilər və 3 min ədəd ekstazi və metadon həbi çıxarılıb.

Qeyd edilən şəxslərlə bərabər narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan əlavə 30 nəfər də saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan Pənah Quliyev, Ceyhun Abdullayev, Anar Əsgərli, Kamran Nəzərli, Xəyal Xəlilov, Kənan və Kamran Aslanov qardaşları ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN İranda yaşayan şəxsiyyəti istintaqla müəyyən edilməyən yuxarıda qeyd edilən şərti adlar altında pərdələnən narkobaronların ölkə daxilindəki bəzi havadarlarının saxlanılmasının əməliyyat görüntülərini də açıqlayıb.

Şərhlər: 0

Şərh yaz