Azinfo » Xəbər » Sosial xəbərlər » Ziyafət Əsgərov: “Erməni vəhşiliklərinin təkrarlanmaması üçün tariximizi bilməliyik”

Ziyafət Əsgərov: “Erməni vəhşiliklərinin təkrarlanmaması üçün tariximizi bilməliyik”

Tarix : 29-03-2022   /   Xəbər / Sosial xəbərlər  

“Xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasəti XVIII əsrin əvvəllərindən başlayıb. Həmin vaxt çar Rusiyası Cənubi Qafqaza doğru torpaqlarını genişləndirmək üçün ermənilərdən vasitə kimi istifadə edirdi”.

Azinfo.az bildirirki bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, 1724-cü il noyabrın 10-da I Pyotrun fərmanında ələ keçirilmiş torpaqlarda - Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması nəzərdə tutulmuşdu: “Bununla da tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı və buna paralel azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Tarixdən bizə məlumdur ki, azərbaycanlılara qarşı ilk kütləvi qırğın 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Rusiyada baş vermiş 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında davam etdirdilər. Xüsusən 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edilərək Bakıya göndəriləndən sonra “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakının azərbaycanlılardan təmizlənməsi siyasəti həyata keçirilməyə başlandı. Bununla da 1918-ci ilin martından başlayaraq Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrimizdə ermənilər tərəfindən azərbaycanlılara qarşı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş qırğınlar törədilməyə başlandı. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində 10 minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, milli memarlıq abidələri, məscidlər dağıdıldı, Bakının böyük bir hissəsi xarabalığa çevrildi. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin silahlı əsgəri ilə yanaşı “Daşnaksutyun” Partiyasının silahlı dəstəsi də iştirak etmişdi”.

Parlamentin komitə sədri ermənilərin Azərbaycan xalqına qarşı soyqırım, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycan kəndlərinin tarixi adlarının dəyişdirilməsi siyasətinin XX əsr boyu da davam etdiyini və ən son belə kütləvi qırğının tariximizə Xocalı faciəsi kimi həkk olunduğunu söyləyib: “Soyqırım” anlayışının mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. XVIII əsrin əvvəllərindən başlayaraq, 1918-ci ilin martında daha da şiddətlənən və bütün XX əsr boyu davam edən erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız da məhz yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci il mart hadisələrinin araşdırılması üçün Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılmış, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdi. Xalq Cümhuriyyət 31 mart hadisələrinə siyasi qiymət vermək cəhdləri etmək istəsə də, Cümhuriyyətin süqutu buna yol vermədi.

Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb. Həmin fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib.

Fərmanda qeyd edilib ki, Azərbaycanın XIX—XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə — 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Beləliklə, buradan da aydın olur ki, müdrik lider Heydər Əliyev nəinki yalnız 1918-ci il 31 mart hadisələrinə, ümumilikdə ermənilərin əsrlərdir davam edən azərbaycanlılara qarşı düşünülmüş soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verib. Məhz Ulu Öndərin bu təşəbbüsündən sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlandı, tarixi tədqiqatlar, araşdırılmalar aparıldı, çoxlu əsərlər yazılıb xarici dillərə tərcümə olundu. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Prezident İlham Əliyev Ulu Öndərin başladığı bu işi uğurla davam etdirir. Quba şəhərində qazıntı işləri nəticəsində soyqırımı qurbanlarının cəsədləri olan kütləvi məzarlıq aşkarlandıqdan sonra Prezident 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib. İlham Əliyev həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Azərbaycanın hər bir siyasi xadimi, o cümlədən parlamentimizin deputatları ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması siyasətini bu gün də dayanmadan davam etdirir, anım mərasimləri, tədbirlər, konfranslar keçirilir, xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara soyqırımı ilə bağlı müraciətlər edilir. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Ermənistan dövlətinin və erməni lobbisinin təcavüzkar siyasəti iflasa uğrayıb. Erməni millətçilərinin soyqırımı siyasətinin və qonşu dövlətlərə ərazi iddialarının xalqları bir-birinə qarşı qoyan, milli və dini qarşıdurmanı təşviq edən, regionda sabitliyi, dünyada sülhü pozan dağıdıcı hərəkətlər olduğu bütün dünyaya sübut edilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şanlı qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi və azad edilmiş torpaqlardakı viran vəziyyət erməni vəhşiliyini bir daha bütün dünyaya sübut edib”.

Z. Əsgərov hesab edir ki, Qələbədən sonra 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün qeyd edilməsi əvvəllər olduğu qədər aktual olmalıdır, erməni vandalizminin bütün dünyaya çatdırılması və buna hüquqi qiymət tələb edilməsi siyasətimiz davam etdirilməlidir. Çünki bu gün biz qalib xalq kimi daha da möhkəm, dövlətimiz daha da güclü olmalı, zəfərimizi qorumalıyıq: “Xalqımıza qarşı erməni vəhşiliklərinin gələcəkdə bir daha təkrarlanmaması üçün tariximizi bilməliyik”.

Şərhlər: 0

Şərh yaz