Azinfo » Xəbər » Sosial xəbərlər » Ombudsmanın Milli Preventiv Qrupu uşaq evlərinə başçəkmələr həyata keçirib

Ombudsmanın Milli Preventiv Qrupu uşaq evlərinə başçəkmələr həyata keçirib

Tarix : 01-11-2022   /   Xəbər / Sosial xəbərlər  
Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən 1 və 2 saylı uşaq evlərinə əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatından  verilən xəbərə görə, keçirilən başçəkmələrdə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi, o cümlədən Ombudsman tərəfindən elan edilmiş, 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi olub.

Başçəkmələr zamanı adıçəkilən müəssisələrin bütün ərazisinə baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Rəftar məsələlərinin araşdırılması məqsədilə müəssisə rəhbərliyi, əməkdaşlar və uşaqlarla fərdi müsahibələr aparılıb.
Hər iki müəssisədə sıxlığın olduğu, 2 saylı uşaq evində tibbi xidmətə aid nöqsanların aradan qaldırıldığı müşahidə edilib.

Başçəkmə ilə yanaşı hər iki müəssisədə uşaqların, habelə psixoloq və tərbiyəçilərin iştirakı ilə keçirilən təlimlər zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşlarının da iştirakı təmin olunmaqla uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib. Eyni zamanda, ayrı-seçkilik və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizəsi məsələlərinə toxunulub.

Təlim uşaqların fəal iştirakı ilə müzakirə şəklində keçirilib, onların fikirləri öyrənilib, sualları cavablandırılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı milli qanunvericiliyə və beynəlxalq sənədlərə müvafiq şəkildə tövsiyələr verilib.

Şərhlər: 0

Şərh yaz