Azinfo » İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası Bakıda keçirilir

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək üçün yaradılmış beynəlxalq Fondun 3-cü iclası Bakıda keçirilir

Tarix : 18-09-2024   /   ---  

İqlim dəyişikliyinin təsirlərinə qarşı xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası sentyabrın 18-də Bakıda işə başlayıb.

Azinfo.az xəbər verir ki, bu Fondun təsis olunması barədə qərar COP27 konfransında qəbul edilib, lakin hələlik tam əməli fəaliyyətə başlamayıb. İdarə Heyətinin bu iclasında Fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və fəaliyyətinin başlanması ilə bağlı vacib qərarların qəbul ediləcəyi gözlənilir.

Üç gün davam edəcək iclasa inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri, BMT, Dünya Bankı, beynəlxalq təşkilatlar və qeyri-hökumət qurumlarından təxminən 200 nəfər qatılıb. Tədbirdə həmçinin Fondun İcraçı direktorunun təyin olunması və COP29 çərçivəsində keçiriləcək Yüksək Səviyyəli Dialoq ilə əlaqədar məsələlər müzakirə ediləcək.

Açılış nitqində çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın və Fondun əməli fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıb.

Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi, COP29 ərəfəsində Fondun əməli fəaliyyətinin təmin edilməsi üçün tarixi bir addım kimi qiymətləndirilir və ölkənin iqlim dəyişikliyi məsələlərinə verdiyi önəmi, qlobal səviyyədə artan rolunu əks etdirir. Azərbaycanın geosiyasi əhəmiyyətini gücləndirən bu addım, həm də ölkəmizə olan etimadın göstəricisi kimi dəyərləndirilir.

Şərhlər: 0

Şərh yaz