Azinfo » Masallıda davamlı inkişaf və insan amilli idarəetmə: bir ilin yekunları

Masallıda davamlı inkişaf və insan amilli idarəetmə: bir ilin yekunları

Tarix : 24-01-2026   /   ---  


Masallı rayonunda son bir il ərzində həyata keçirilən sosial-iqtisadi, mədəni və humanitar yönümlü tədbirlər rayonun ümumi inkişaf dinamikasında mühüm mərhələ təşkil etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun rəhbərliyi ilə görülən işlər təkcə infrastruktur və iqtisadi göstəricilərlə məhdudlaşmamış, eyni zamanda insan amilinin, sosial ədalətin və milli-mənəvi dəyərlərin daim ön planda saxlanılması ilə yadda qalmışdır.

Hesabat dövründə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı fəaliyyətin əsas istiqamətlərindən biri olmuşdur. Rayon rəhbəri tərəfindən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial komplekslər və şəhid məzarları mütəmadi olaraq ziyarət edilmiş, anım günlərində, əlamətdar tarixlərdə və fərdi görüşlər zamanı ailələrin yanında olunmuşdur. Şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılmış, bir sıra ailələrin yaşadığı evlər əsaslı təmir edilmiş, yararsız vəziyyətdə olan evlərin isə yenidən tikintisi təmin olunmuşdur. Bununla yanaşı, aztəminatlı ailələr üçün yeni fərdi yaşayış evlərinin inşası həyata keçirilmiş, onların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır.


Cənab Araz Əhmədovun fəaliyyəti dövründə xeyriyyəçilik ənənələrinin gücləndirilməsi, rayonun imkanlı şəxslərinin sosial layihələrə cəlb olunması xüsusi əhəmiyyət kəsb etmişdir. Xeyriyyəçilərin dəstəyi ilə aztəminatlı ailələrə maddi yardımlar göstərilmiş, müalicə və digər sosial ehtiyacların qarşılanması istiqamətində mühüm işlər görülmüşdür. Rayon rəhbərliyi tərəfindən bu təşəbbüslər daim təşviq olunmuş, ictimai həmrəyliyin möhkəmləndirilməsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur.


Rayon həyatının bütün mərhələlərində vətəndaşlarla birbaşa təmas əsas fəaliyyət prinsiplərindən biri olmuşdur. Mütəmadi olaraq keçirilən vətəndaş qəbulları ilə yanaşı, kənd və qəsəbələrdə səyyar görüşlər təşkil edilmiş, sakinlərin problemləri yerində dinlənilmiş, qaldırılan məsələlərin operativ həlli üçün konkret tapşırıqlar verilmişdir. Cənab Araz Əhmədovun tez-tez rayon ərazisində piyada gəzintilər etməsi, küçə və məhəllələrdə sakinlərlə birbaşa ünsiyyətdə olması idarəetmədə açıqlıq və əlçatanlığın bariz nümunəsinə çevrilmişdir.


Masallıda infrastrukturun yenilənməsi istiqamətində kəndlərarası yolların təmiri və asfaltlanması, məhəllədaxili yolların bərpası, kommunal şəraitin yaxşılaşdırılması mütəmadi xarakter almışdır. Bu tədbirlər əhalinin rahat hərəkətinin təmin edilməsinə, kənd təsərrüfatının inkişafına və yaşayış məntəqələrinin simasının müasirləşdirilməsinə xidmət etmişdir.


Kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması və regionun iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı, sosial və mədəni həyatın canlandırılması da diqqət mərkəzində olmuşdur. Rayon üzrə genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirilmiş, yaşıllıq sahələri genişləndirilmiş, ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.


Təhsil sahəsinə göstərilən diqqət fəaliyyətin mühüm istiqamətlərindən biri kimi seçilmişdir. Məktəblərdə keçirilən tədbirlərdə iştirak, müəllim və şagirdlərlə görüşlər, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, istedadlı uşaqların və fədakar müəllimlərin dəstəklənməsi rayon rəhbərliyinin daim diqqətində olmuşdur. Gənc nəslin vətənpərvər, savadlı və sağlam ruhda formalaşması əsas hədəf kimi müəyyən edilmişdir.


Eyni zamanda ahıllara, ziyalılara və cəmiyyətin həssas təbəqələrinə xüsusi qayğı göstərilmiş, onların problemlərinin həlli, yubiley və əlamətdar günlərində ziyarət olunmaları, həyat təcrübələrindən gənc nəslin faydalanması üçün təşəbbüslər həyata keçirilmişdir. Rayonun ictimai və mədəni mühitində böyük rolu olan ziyalılarla mütəmadi görüşlər təşkil edilmiş, onların təklif və tövsiyələri idarəetmədə nəzərə alınmışdır.


Bütün bu fəaliyyətlər Masallı rayonunda sosial rifahın yüksəldilməsinə, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və davamlı inkişafın təmin olunmasına yönəlmiş kompleks siyasətin tərkib hissəsidir. Təqdim olunan illik hesabat məhz bu dövr ərzində görülmüş işlərin əsas istiqamətlərini və əldə olunmuş nəticələri əhatə edir.


Görülmüş işlərin miqyası və əhatə dairəsi olduqca genişdir. Təqdim olunan hesabatda Masallı rayonunda son bir il ərzində həyata keçirilmiş çoxşaxəli fəaliyyətin yalnız müəyyən bir hissəsi əksini tapmışdır. Aşağıda təqdim olunan fotomateriallar rayon rəhbərliyinin gündəlik və ardıcıl fəaliyyətinin, vətəndaşlarla birbaşa təmasların, sosial layihələrin, abadlıq-quruculuq və humanitar tədbirlərin real mənzərəsini özündə əks etdirərək, görülən işlərin kiçik bir qismini əyani şəkildə nümayiş etdirir.




FOTOMATERİALLAR





Baş redaktor
Rauf Cəbiyev

Şərhlər: 0

Şərh yaz