Azinfo » Bloq » Məktəblər bilik yoxsa bacarıq öyrətməlidir? - Təhsil eksperti Turab Əhmədov

Məktəblər bilik yoxsa bacarıq öyrətməlidir? - Təhsil eksperti Turab Əhmədov

Tarix : 12-07-2023   /   Bloq  

Məktəblər bilik yoxsa bacarıq öyrətməlidir?

Bugün təhsil ən çox müzakirə olunan məsələlərdən biridir. Bəs yaxşı təhsil niyə insanlar üçün vacibdir?! Niyə səhiyyə, ədliyyə və digər məsələlər bu qədər müzakirə olunmadığı halda təhsil məsələləri hər gün aktualdır?!
Təhsil elə bil sahədir ki, hərkəs ilə bilavasitə əlaqəsi mövcuddur. Bir ailənin orta məktəbdə vəya ali məktəbdə təhsil alan üzvü var, bir ailənin müəllim işləyən birisi, hər hansı bir ailədə isə müxtəlif imtahanlara hazırlaşan üzvləri mütləq ki, mövcuddur. Belə olduğu halda, təhsilin hərkəsi düşündürməsi normal haldır. Bəs orta məktəblər təhsil üçün hansı rola malikdir və biz nəyi hədəfləmişik?
Tarixdə məktəblər ilk dəfə XIX əsrin sonu-XX əsrin əvvəllərində müxtəlif müəssisələrdə işçi qüvvəsini qarşılamaq üçün qurulmuşdu. Tələbat hansı sahəyə idisə, məktəbdə də həmin bacarıqlar öyrədilirdi. Zaman keçdikcə bacarıqlar dərin biliklər öyrədilməsi ilə əvəzlənməyə başlandı. Biliklərin olması yaxşıdır amma bizə fayda verməyən biliklər kimə və nəyə gərəkdir?
Düşünək, fərqli xüsusiyyəti, fərqli qavraması, fərqli maraqları və fərqli bacarıqları olan 20-25 şagirdi eyni sinifdə eyni parta arxasında oturdaraq eyni bilikləri aşılamağa çalışırıq. Məqsədimiz isə şagirdlərin oxuması, yaxşı qiymət alması və sonda ali məktəblərə qəbul olmasıdır. Yaxşı 11 ilin sonunda ali məktəbə qəbul olmayan bir şagird düşünək. Deməli 11 il ərzində həmin şagird heçnə öyrənmədi və heçnə əldə etmədi mi? 11 illik müəllim əziyyəti hədər getdi mi? Məktəblər ali məktəblərə keçid rolunu oynayan müəssisələr olmamalıdır. Müəllimlərin məqsədi şagirdləri ali məktəblərə hazırlamaq olmamalıdır, həyata hazırlamaq olmalıdır. Çox vacib məsələdir bu.
Artıq müasir dünyada bilik istənilən yerdə əldə oluna bilən fəaliyyətdir. Yeni sahələr, yeni ixtisaslar meydana gəlir. Diqqətlə baxsaq görərik ki, yeni yaranan sahələr biliyi deyil, bacarığı daha çox özündə ehtiva edir. Biz şagirdlərə bacarığı öyrətməliyik. Ya bir başa bacarığı, ya da biliyi bacarığa çevirə bilməyi. Hər şagirdin müxtəlif bacarıqları mövcuddur. Unutmayaq biz hələ kiçik yaşlarımızda hərf bilmədən danışmağı bacarırıq, danışılanı başa düşürük, oxuyaraq deyil, görərək və tətbiq edərək müxtəlif qabiliyyətlərə yiyələnirik.
Biologiya dərsində öyrəndiyimiz hüceyrələr və əzbərlədiklərimizdan daha çox, bir insanın meşədə qaldığı zaman zəhərli və zəhərsiz göbələyin seçilmə bacarığı öyrədilməlidir. Coğrafiya dərsində çaylar, dənizlər, vulkan adlarından daha çox, yolunu itirdiyi zaman ulduzlara baxaraq yolunu tapa bilmək öyrədilməlidir. Fizika dərsində düsturlardan daha çox, müsbət-mənfi elektrik xəttlərinin birləşdirilməsi öyrədilməlidir. 11 illik məktəbi bitirən bir şagird ali məktəbə qəbul olmadığı zaman deyil, yuxarıdakı bacarıqları öyrənmədiyi zaman itirmiş olur.
Müəllimlərimiz dərslərində yalnız bilik öyrətməməlidirlər. Biliyi bacarığa çevirməyi də öyrətməlidirlər!


Xəzər Universiteti Dünya Məktəbi 
Layihə və Olimpiadalar üzrə Koordinator, ekspert Turab Əhmədov 



Şərhlər: 0

Şərh yaz