Masallıda Nurlan və İntiqam Əsgərli qardaşlarına ithaf olunmuş tamaşa nümayiş olunub.







Masallıda Nurlan və İntiqam Əsgərli qardaşlarına ithaf olunmuş tamaşa nümayiş olunub.
Aprelin 5-də Masallıda Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub. Masallı, Cəlilabad və Biləsuvar Xalq teatrlarının səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrdən ibarət həvəskar aktyorlarının səyi ilə ərsəyə gətirilən tamaşa Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərli qardaşlarının əziz xatirəsinə ithaf olunub. N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində həyata keçən nümayişdə rayon rəsmiləri, şəhid doğmaları, media mənsubları, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın nümayişindən əvvəl Aprel döyüşləri şəhidlərinin, eləcə də Əsgərli qardaşlarının xatirələri ehtiramla yad olunub.
Sonra şəhid qardaşların həyatı və qəhrəmanlığından bəhs edən çıxışlar edilib, Aprel döyüşlərində əldə edilmiş qələbənin hərbi-siyasi və strateji əhəmiyyətindən söz açılıb.
Tamaşada Aprel döyüşlərini, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfəri tərənnüm edən monoloqlar deyilib, Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı, şəhid İntiqam Əsgərlinin igidliyini əks etdirən döyüş səhnələrinə yer verilib, ordumuzun cəsur əsgər və zabitlərinin rəşadət və mətinliyi obrazlı təsvir olunub. Həmçinin, tamaşada tələbə və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Təqdimatdan sonra çıxış edən şəhid qardaşların anası Ziba Əsgərli, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və müəllif Nurəddin Ədiloğu məzmunlu səhnə ifalarına görə yaradıcı kollektivlərə minnətdarlıq ifadə ediblər.
Bildirək ki, Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə hazırlanan tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.
Şərhlər: 0
Şərh yaz
