Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı
Azərbaycan Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi Azərbaycan tarixinin yeni uğurli səhifəsidir. Qurultayın Şuşada keçirilməsi ilk növbədə dünya azərbayacanlıları üçün düşmən üzərində qazanılmış Zəfərin əhəmiyyətini göstərir.Vətən müharibəsində Zəfər əldə etməyimizdə hərbi qələbə ilə bərabər ideoloji qələbə də mühüm rol oynadı. Zəfərə aparan xarici siyasətlə bərabər milliyətindən asılı olmayaraq ölkə vətəndaşlarının milli həmrəyliyi və dünya azərbaycanlılarının mənəvi dəstəyi, həqiqətlərin dünyaya yayılmasındakı rolu böyükdür.
Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi bu şəhərin əhəmiyyətini göstərir. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanın da işğalına şərait yaratdı. Bu, Şuşanın Azərbaycan üçün strateji əhəmiyyətini göstərir. 1992-ci il mayın 8-də Şuşanın işğalı bütün Azərbaycan xalqı üçün böyük mənəvi faciə oldu.Lakin 2016-cı il Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı döyüşçülərin torpaqlarımızı işğaldan azad etmək uğrunda qəhrəmanlıqları, dinc əhalinin, eləcə də Vətəndən uzaqda yaşayan azərbaycanlıların mənəvi və təbliğat xarakterli dəstəyi göstərdi ki, dövlətimiz və xalqımız bu işğalla heç vaxt barışmayacaq.
Birinci Qarabağ müharibəsində Şuşanın işğalı digər rayonlarımızın işğalı ilə nəticələndiyi kimi, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi qanlı müharibəyə son qoydu. Prezident İlham Əliyev də Zəfər Qurultayında bunu xüsusilə vurğulamışdır: “Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək”.Şuşanın işğalının bizim üçün faciəsi və mədəniyyət paytaxtımızın erməni işğalından azad edilməsində duyduğumuz qürur hissi bu şəhərin Qarabağın, ümumiyyətlə bütöv Azərbaycanın torpaqlarının xalqın mənəvi dəyərləri sistemində mühüm rolunu göstərir. Biz bunu xüsusilə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlarda gördük. Bu qələbə yalnız Ermənistan silahlı qüvvələri üzərində deyil, eyni zamanda, onları dəstəkləyən dövlətlərin üzərində qələbə idi.
Ermənistan silahlı qüvvələri üzərində Qələbənin Prezident İlham Əliyev tərəfindən elan olunduğu gün və 2021- ci il noyabrın 10-da – Zəfər Günündə insanların bayram etmələri, küçələrə çıxmaları həmin günün ümumxalq bayramı olduğunu göstərir.Beləliklə, 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayının məhz bu şəhərdə keçirilməsi dünyaya bir daha bəyan etdi ki, Şuşa şəhəri bizim tarixi mədəniyyət mərkəzi olmaqla yanaşı, Vətən müharibəsindəki Zəfərimizin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.
Şuşada Zəfər qurultayı keçirilməsi çox sevindirici bir haldır. Nəinki Qurultayın keçirildiyi yer, hətta Qurultay keçirilən yerə iştirakçıları aparan yol Şuşaya gedən Zəfər yoludur. Bu, həmçinin sülhə gedən yoldur. Bütün Azərbaycan vətəndaşı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyır: “Qurultayda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın diaspor üzvü iştirak edib. Bu, çox əhəmiyyətli bir haldır.
Qurultayın əsası 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümumilli lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək” həmçinin uzaqgörən ulu öndər Heydər Əliyev 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə salaraq, onları sanki həmrəyliyə, birliyə çağırdı.
44 günlük Vətən savaşında xaricdə yaşayan azərbaycanlılar, diaspor fəalları öz fəaliyyətlərini daha da genişləndirmiş, diaspor təşkilatları sıx birləşərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından yaşadıqları ölkələrlə Azərbaycan arasında əlaqələrin daha da möhkəm qurulması üçün çox böyük işlər görüblər.
Qeyd etmək istərdim ki, bu 44 günlük müharibə dövründə bütün Azərbaycan xalqı məskunlaşdıqları ölkədən asılı olmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın səsini dünyaya çatdırdılar.Belə əlamətdar tədbirin “Şuşa ili”ndə keçirilməsi mühüm hadisədir: “Bu tədbir Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı və şəxsi iştirakı, çıxışı ilə açıq elan olundu. Cənab Prezident öz nitqində çox vacib məqamlara toxunaraq, önəmli tapşırıqlar verdi ki, həmvətənlərimiz xaricdə öz fəaliyyətlərini bu tədbirdən sonra daha da genişləndirəcəklər. Biz hamımız qarabağlıyıq, şuşalıyıq.
Mən də öz növbəmdə bir qarabağlı, şuşalı olaraq, bütün qurultay iştirakçılarını ürəkdən təbrik edir, onlara uğurlar, nailiyyətlər arzu edirəm. Keçirilən Zəfər qurultayı ilə biz bir daha sübut etdik və göstərdik ki, hər bir azərbaycanlı bir yumruq kimi sıx birləşərək Vətənimizin, dövlətimizin, xalqımızın rifahı naminə əlindən gələni əsirgəmir, gələcəkdə də böyük nailiyyətlərə imza atacaqlar”.
Kamal Orucəli oğlu Təhməzov
Masallı rayon Çaxırlı kənd sakini
Şərhlər: 0
Şərh yaz
