"Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amilinin rolu"- Eldar Kazımov

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amilinin rolu
Bu gün Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu, idmançılarımız tərəfindən əldə olunmuş böyük qələbədir. Martın 17-də Prezident İlham Əliyevin çempion güləşçilərimizlə görüş zamanı söylədiyi kimi, idman hər bir ölkənin qüdrətini əks etdirir: “Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsindən sonra idmançılarımızın beynəlxalq yarışlarda qalib dövləti təmsil etdiklərini xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı möhtəşəm zəfərlə güclü-qüdrətli ölkə olduğunu, qələbə əldə edilməsində idman amilinin də çox böyük rol oynadığını bildirərək, ötən 18 ildə gənclərdə vətənpərvərlik hisslərinin daim yüksək olmasına çalışdığını qeyd edib.Ölkə rəhbərinin sözləri ilə desək, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində idman sahəsində əldə edilən uğurlar, beynəlxalq turnirlərdə bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Zaman bu əminliyi sübuta yetirdi.
Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq.Bəli, Azərbaycan Vətən müharibəsində öz ləyaqətini, insanpərvərliyini nümayiş etdirdi. Halbuki xalqımızda düşmənə qarşı dərin nifrət var idi. Çünki işğalçı tərəfindən ölkəmizə qarşı soyqırımı törədilmişdi, etnik təmizləmə siyasəti aparılmışdı və qisas hissinin olması təbii idi. Ancaq Azərbaycan düşməndən intiqamı döyüş meydanında aldı, savaşı müharibə qanunlarına uyğun həyata keçirdi, özünü mübarizədə ləyaqətlə apardı.
Dövlətimizin başçısı azad edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da diqqətə çatdırıb.
YAP Masallı Rayon Təşkilatının əməkdaşı Eldar Kazımov.
Şərhlər: 0
Şərh yaz
