Azinfo » Bloq » Köşə yazıları » Davamlı logistika imkanlarının artması iqtisadi potensialımızı gücləndirir

Davamlı logistika imkanlarının artması iqtisadi potensialımızı gücləndirir

Tarix : 21-09-2022   /   Bloq / Köşə yazıları  
Azərbaycan geosiyasi mövqeyinə görə logistika mərkəzinin inkişafı üçün əlverişli ölkədir. Hamıya məlumdur ki,  neft və təbii qaz ölkənin ən qabaqcıl inkişaf etmiş sektorlarıdır. Lakin ölkənin logistika aktivlərinin davamlı inkişafı onun regional və beynəlxalq ticarətdəki rolunun artmasına şərait yaradır. Azərbaycan hökuməti qeyri-neft sektorundan sonra logistika sektorunu inkişaf etdirməyi qarşısına məqsəd qoyub və ölkəni regionda logistik bazaya çevirməyi hədəfləyir. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da əhəmiyyətli rol oynadı: “Daha çox diqqəti tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlət başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.” Qeyd edilib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hazırda Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaqdır. Səmərqənd Sammiti Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dəyişməzliyini dünyaya bir daha nümayiş etdirdi.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Şərhlər: 0

Şərh yaz