Azinfo » Bloq » Köşə yazıları » Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir

Tarix : 21-09-2022   /   Bloq / Köşə yazıları  

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində çıxış edən Prezident İlham Əliyev təşkilata üzv ölkələri maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar verib. İlk növbədə, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırıb ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində böyük rolu var. Ölkəmizin tranzit və nəqliyyat-logistika imkanlarına Xəzər dənizi, avtomobil və dəmir yolları, həmçinin hava yolları daxildir. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Heç şübhəsiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir. Prezident İlham Əliyevin də Səmərqənd Sammitində qeyd etdiyi kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir.Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin ildə 25 milyon tona qədər artırılacağı qarşıya məqsəd qoyulub.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar edir. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparılır.
Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin, eyni zamanda, bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Şərhlər: 0

Şərh yaz