ABŞ-da “Meta” şirkətində çalışan gənc azərbaycanlı alimin elmi uğurları
ABŞ-da “Meta” şirkətində çalışan gənc azərbaycanlı alimin elmi uğurları
Cəfər Cəfərov: Uzun müddətli elmi araşdırmanın nəticəsi olaraq korrelyasiya klasterləşməsi və onun müxtəlif ümumiləşdirmələri üçün daha dəqiq və praktik təqribi alqoritmlər ixtira etdim
Mühasibimiz hazırda ABŞ-da yaşayan, “Meta” şirkətində çalışan, elmi uğurları və ixtiraları ilə şöhrət qazanan gənc azərbaycanlı alim Cəfər Cəfərovdur:
- Oxucularımızda dolğun məlumat olsun deyə, xahiş edirik ilk olaraq özünüz haqqında məlumat verərsiniz...
- Adım Cəfər Cəfərovdur. Sumqayıt şəhərində doğulub, böyümüşəm. Orta təhsilimi Sumqayıt Özəl Türk Liseyində tamamlamışam. Orta məktəbi bitirdikdən sonra Türkiyənin ən nüfuzlu universitetlərindən olan Boğaziçi Universitetinin “Kompyuter mühəndisliyi” fakültəsinə daxil olmuşam. 2014-cü ildə isə eyni fakültədə magistr təhsilinə başlamışam. Magistr dərəcəsini bitirdikdən sonra ABŞ-da dünyanın ən nüfuzlu universitetlərindən olan Çikaqo Universiteti “Kompyuter elmi” fakültəsində fəlsəfə doktoru (PhD) proqramına tam təqaüdlə daxil olmuşam. 2022-ci ildə isə bu təhsilimi də uğurla bitirib fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışam. Hazırda “Meta” şirkətində maşın öyrənməsi sahəsində (süni zəka sahəsinin bir qolu) tədqiqatçı alim olaraq çalışıram.
- Siz bir sıra beynəlxalq təhsil və elm layihələrinin qalibi olmuşsunuz. Bu uğurların sirri nədədir?
- Uşaqlıqdan riyaziyyata ciddi marağım olub. Burada valideynlərimin təhsilə və xüsusilə də dəqiq fənlərə verdiyi əhəmiyyətin ciddi payı var. Bu mənada bir övlad olaraq birinci vəzifəm hər zaman dərslərimi oxumaq olub. Riyaziyyata olan marağım daha sonra məni orta məktəb olimpiadalarına qatılmağa sövq etdi. Bir çox beynəlxalq və respublika miqyaslı riyaziyyat olimpiadalarında iştirak etmişəm və müxtəlif uğurlar qazanmışam. 2005 və 2006-ci illərdə riyaziyyat üzrə Respublika Fənn Olimpiadalarında iki bürünc medal aldım. Eyni zamanda, Sloveniyada keçirilən 47-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil etmə haqqını qazandım və bu olimpiadada fəxri mükafat ilə təltif edildim. Həmçinin, Qazaxıstanda keçirilən 3-cü Jatıkov Riyaziyyat Olimpiadasında iştirak etdim.
- Siz magistr və PhD təhsiliniz boyunca bir çox problemlər üzərində çalışımışsınız, hətta bu istiqamətdə alqoritmləri işləmişsiniz, ixtiralarınız belə var. Bu barədə ətraflı məlumat verməyinizi xahiş edirik...
- Boğaziçi Universitetində magistr təhsilim sırasında riyaziyyatın daha mərkəzdə olduğu bir istiqamətə yönəldim və tədqiqat sahəm olaraq nəzəri kompyuter elmi sahəsini seçdim. Bu illər ərzində hesablama mürəkkəbliyi, kvant hesablama və bir çox mövzuda dərslər aldım. Magistr tezisimdə isə diskret ehtimal paylanmasının entropiyasını təxmin etmənin sorğu mürəkkəbliyi üçün optimal hədlərini verdim. Bu ixtiramın əsasında hazırladığım məqalə Avropanın nəzəri kompyuter elmi sahəsində ən nüfuzlu konfranslarından olan 40-cı Kompyuter Elminin Riyazi Əsasları (MFCS) tərəfindən yayımlandı.
Çikaqo Universitetində PhD təhsili alarkən isə daha çox nəzəri kompyuter elmi və maşın öyrənməsi sahələrinin kəsişməsində yerləşən problemlər üzərində işlədim. Bunların arasında klasterləşmə haqqında danışmaq istərdim. Klasterləşmə maşın öyrənmə sahəsinin ən önəmli problemlərindəndir. Bunu klasterləşmənin elm və texnologiyanın bir çox sahəsindəki yüzlərcə tətbiqində görmək mümkündür. Misal üçün Google-un sorğu mexanizmində, Tesla-nın özünü idarə edən maşınlarında vs. klaşterləşmə əsas rol oynayır.
Doktorluq tezisim isə klasterləşmə probleminin populyar versiyalarından biri olan korrelyasiya klasterləşməsi haqqında oldu. Uzun müddətli elmi araşdırmanın nəticəsi olaraq korrelyasiya klasterləşməsi və onun müxtəlif ümumiləşdirmələri üçün daha dəqiq və praktik təqribi alqoritmlər ixtira etdim. Bu ixtiraların əsasında yazdığım elmi məqalələr 2020 və 2021-ci illərdə dünyanın ən nüfuzlu maşın öyrənməsi konfranslarından olan Beynəlxalq Maşın Öyrənməsi Konfransı (ICML) tərəfindən qəbul edildi.
- Meta şirkəti bu gün hansı fəaliyyətlə məşğuldur və bu sahədəki təcrübə Azərbaycana nə qazandıra bilər?
-Meta şirkətinin məhsulları arasında dünya miqyasında milyardlarca insanın istifadə etdiyi Facebook, Instagram, WhatsApp kimi aplikasiyalar var. Bu aplikasiyaların Azərbaycanda da çox populyar olduğunu, yaşından və sosial statusundan asılı olmayaraq hər kəs tərəfindən istifadə edildiyini bilirəm. Belə populyar məhsulların arxa fonunda isə elm və texnologiyanın ən qabaqcıl yeniliklərinin əsasında qurulmuş mürəkkəb alqoritm və mexanizmlər işləyir. Burada qazanılan bilik və əldə edilən təcrübəni Azərbaycanın elm, texnologiya və sənaye strukturunun müxtəlif sahələrində tətbiq etmək mümkündür.
- Gənc azərbaycanlı alim olaraq ABŞ-dan Azərbaycanı necə görürsünüz və perspektiv baxışlarınız nədən ibarətdir?
- Azərbaycan müstəqilliyini 31 ildir qazanmış gənc bir respublikadır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe onun hər zaman diqqət mərkəzində olmasına səbəb olub. Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində Azərbaycan Ermənistanın işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə üzləşdi. 28 il torpaqlarımız işğal altında oldu. Lakin ötən 28 il ərzində Azərbaycan inkişaf etdi, iqtisadiyyatını, hərbi sənayesini gücləndirdi, nəhayət işğal altında olan torpaqlarını azad etdi. Bu gün artıq Azərbaycan qalib ölkə kimi həm regional, həm də qlobal mənada əhəmiyyətli, ciddi ölkə olaraq qəbul edilir. Azərbaycanın təşəbbüsü ilə reallaşan transmilli layihələr, Avropanın enerji təhlükəsizliyində rolu, beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzi əhəmiyyəti ölkənin perspektiv inkişafının əsas konturlarını təşkil edir. Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycan heç şübhəsiz ki, daha da güclənəcək, nəinki reginal, hətta qlobal miqyaslı aktora çevriləcək.

