Vətən Müharibəsi, Tarixi Qələbə, “Böyük Qayıdış”.
“Qəhrəman və peşəkar Azərbaycan Ordusunun mənəvi üstünlüyü danılmaz faktdır. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar.” Bu sözləri Prezident İlham Əliyev 2021-ci il 12 aprel tarixində Bakıda Hərbi Qənimətlər Parkının açılışında səsləndirib. Ölkə prezidenti çıxışının davamında qeyd edib ki, Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Unikal qələbə qazanmağımızda başlıca səbəblərdən biri modern ordumuzun olmasıdır. Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.
Və təbii ki biz bu tarixi qələbəmizi maddi olaraq əbədiləşdirməyə bilməzdik. Vətən müharibəsi zamanı düşməndən əldə olunan qənimətlər paytaxtımızda nümayiş olunur. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonundadır. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var.
Prezidentimizin də dediyi kimi Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaqdır. Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək!
Biz əldə olunan tarixi zəfərimizin məntiqi ardıcıllığını gətirməliyik. Biz artıq işğaldan azad olunan torpaqlarımıza “Böyük Qayıdış”a hazırlaşırıq. Biz o əraziləri cənnətə çevirməyə başlayırıq. Bunun üçün biz birlikdə olmalıyıq. Çünki Biz Birlikdə Güclüyük!!!
İslam Bafadarov,
YAP-ın gənc fəalı