Andına və Xalqına sadiq qalmış Ulu Öndər
Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar - Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.Ulu öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli lideridir. Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə, bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bu tədbirlərin fonunda isə ümummilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı. Heç şübhəsiz, bu proses çərçivəsində milli məfkurənin yüksəlişi və s. bu kimi təməl xarakterli məsələlər xüsusi diqqət mərkəzində dururdu. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında Ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli məfkurənin sağlam ideoloji təməllər əsasında möhkəmləndirilməsi və yüksəlişi üçün buna nail olmaq, sözün əsl mənasında strateji önəm kəsb edir və ideoloji mənada, dövlət quruculuğu prosesinin onurğa sütununu təşkil edirdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi. Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərimizin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. Beləliklə, 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı. Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. İlk növbədə, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində ciddi strateji addımlar atıldı. Belə ki, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Ümummilli liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotiv aktora çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi. Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Ümummilli liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar. Yəni, bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq. Son olaraq qeyd edim ki, Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. Bir sözlə, məhz Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır.Allah Ulu Önədrimizə rəhmət eləsin.Azərbaycan Respublikasının Prezidenti,Cənab Ali Baş Komandan İlham Əliyevə uzun ömür,can sağlığı arzulayırıq.
Masallı rayon sakini Müəllimə Nərmin Əsgərova
