24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni bir təkandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib, daha sonra birlikdə mətbuata bəyanatla çıxış ediblər. Liderlər Azərbaycan və Gürcüstan arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini bildirərək, yeni hədəflərlə bağlı mühüm mesajlar veriblər. 24 oktyabr tarixli səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni bir təkandır. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzində olmuşdur. Prezident İlham Əliyevin səfəri zamanı danışıqların əsas mövzularından hazırda Avropa İttifaqını enerji ilə təmin etmək üçün alternativ enerji tranzit dəhlizlərindən istifadə edilməsi olub. Burada Gürcüstan-Azərbaycan əməkdaşlığı üçün yeni imkanlar açılır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata verdiyi birgə bəyanatda demişdir ki, iki ölkə arasında misilsiz dostluq və sıx münasibətlər var, həmin münasibətlər tarixi əlaqələrə, qarşılıqlı hörmətə arxalanır. Mən əminəm ki, hazırkı mövcud olan əməkdaşlığımız ölkələrimiz və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. İ.Qaribaşvili bildirib ki, Regiondakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcək və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik. Cənab Prezident, Sizin Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləmək istəyirəm ki, Cənubi Qafqazda əməkdaşlıq formatı yaransın. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq həyata keçirdiyimiz mühüm layihələri nəzərdən keçiririk. Bunlar tarixi layihələrdir. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və Orta Dəhliz layihələridir. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və işləri daha da sürətləndirmək niyyətindəyik" . Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuat üçün verdiyi birgə bəyanatda bildirmişdir ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. “Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var: enerji resursları, nəqliyyat dəhlizləri. Onu da bildirməliyəm ki, Gürcsütanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmiryolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və bu prosesə biz start vermişik. Çünki Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var dünyada. Həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yeni nəqliyyat yolları bütün yol boyunca yerləşən ölkələrin maraqlarına cavab verir", dövlətimizin başçısı bildirib.
Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir.Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Prezident əminliklə bildirmişdir ki, Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.
Ağayev İlham Abidin oğlu,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru

