Kəlbəcər rayonunun 2020-ci il 25 noyabr tarixində işğaldan azad olundu.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Noyabrın 25-də isə Kəlbəcər qansız-qadasız işğaldan azad edildi. Bu münasibətlə Ali Baş Komandan xalqa müraciətində bildirib ki,Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.
Prezident İlham Əliyev Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən deyib: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu tarixi qələbə sevincini, bu möhtəşəm zəfər qürurunu Azərbaycan xalqına yaşatdı. Bundan sonra bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir. Dövlətimizin başçısının dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır!
Şükürov Ramal Abdulrəhman—Masallı Gənclər evi
