Müharibə dövründə xalqın birliyi və gücü.
Vətən müharibəsi Azərbaycan tarixinin milli qürur salnaməsidir. Ordumuzun 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən inamlı və qətiyyətli Zəfər yürüşü ərazi bütövlüyümüzün, eləcə də tarixi ədalət və beynəlxalq hüququn bərpası ilə nəticələndi. Noyabrın 8-də mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli Bəyanat hərbi-siyasi qələbəmizin təsdiqi oldu. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına öz hərbi-siyasi gücü ilə təkbaşına son qoydu.
Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır. Bu ali hisslərə malik Azərbaycan xalqı işğal altında torpaqların geri alınması zamanı ordunun yanında oldu. Xatırladaq ki, 44 günlük Vətən savaşı zamanı Ermənistanın davam edən təcavüzkar əməllərinə qarşı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi.
Qeyd edək ki, özünü ən müxtəlif formalarda göstərən ümumxalq həmrəyliyi milli ordumuzun güc mənbəyidir. İkinci Qarabağ müharibəsi dövründə və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatı zamanı da xalqımız ordu ilə və Ali Baş Komandanla birlikdə olduğunu bir daha göstərdi. Xalqımızın orduya göstərdiyi həmrəyliyin sarsılmaz əsasları var. Ordumuzun böyük rəşadət göstərməsi, bir addım da geri çəkilməməsi, bütün mövqeləri şərəflə qoruya bilməsi, düşməni böyük itkilərə məruz qoyması, səngərlərdə sıravi əsgərlərlə general və zabitlərin yanaşı həlak olması cəmiyyətimizin orduya inam və rəğbətini bir az da artırır və bu da insanların fəal dəstəyini birbaşa müəyyən edən faktorlardır. Vətənpərvər gənclərin orduya könüllü dəstək nümayişləri əyani sübut edir ki, ordumuzla cəmiyyətin birliyi möhkəmdir.
Xalqımızın ordumuza güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandanın birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik: Bu günlərdə ermənilərin təxribatı zamanı da Azərbaycan cəmiyyəti ordunun yanında oldu, ona dəstək oldu. Hərbçi arxa cəbhədən arxayın olanda daha böyük güclə, həvəslə döyüşür. Bu həmrəyliyi ən kiçik elementdə belə görmək olardı, məsələn, cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanların dəstəyindən, onların əsgərlərimizə münasibətindən, yəni hər kəs gücü çatan köməkliyi etməyə çalışırdı. Azərbaycan xalqı heç vaxt demədi ki, şəhidlərimiz var, döyüşü dayandırın, əksinə yalnız irəliyə səslədilər. Biz dünyaya ordu ilə cəmiyyətin həmrəyliyini nümayiş etdirə bildik.
Son döyüşlər də bir daha göstərdi ki, hər bir hərbçimiz ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hazırdır. Erməniləri ciddi şəkildə narahat edən və qorxu altında saxlayan başlıca amil də elə budur. Danılmaz faktdır ki, bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan Ordusunda iradəli, əzmli, cəsarətli, qəhrəman və gənc nəslə nümunə olan qeyrətli Vətən oğullarımız var. Vətənin, millətin keşiyini çəkən oğullarımızın arxasında da Azərbaycan xalqı dayanır.
Ceyhun Hüseynov Soltanağa oğlu . Masallı RMX İƏ söbəsinin mütəxəssisi
