1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir
1993-cü il Azərbaycan tarixi üçün çox ziddiyətli bir dövr idi. Ölkədə anarxiya, hər cür özbaşınalıq, hərc-mərclik baş almışdı. Azərbaycan xalqı bütün ümidlərini, öz xilaskarına Heydər Əliyevə bağlamışdı.
1993-cü ildə Ulu Öndər hakimiyyətə gələndən sora ölkənin inkişaf tarixində yeni dövr başladı. İlk öncə ölkəmiz vətəndaş müharibəsindən xilas oldu, bir qrup silahlı dəstələr zərərsizləşdirildi. Ümummilli Lider ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, dövlət çevrilişin qarşısını aldı. Erməni silahlı qüvvələrinin də hücumlarının qarşısı alındı
Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu, Respublikamız dövlətlər arasında söz sahibinə çevrildi.Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə üstünlük vermiş, bu zaman torpaqların geri qaytarılması üçün ordu quruculuğuna, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına və diplomatik fəaliyyətə xüsusi diqqət yetirmişdir. Bu gün Azərbaycan Heydər Əliyevin uzaqgörən diplomatik siyasi fəaliyyəti nəticəsində inkişaf yolunda irəliləməkdədir. Ulu Öndər Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdıran dahi siyasətçidir.
Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında müstəsna və misilsiz xidmətləri olmuşdur. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Ulu Öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu Öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi.
Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi, cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi. Heydər Əliyev öyrədirdi ki, sərvət toplamaq, son dəbdə geyinmək, bütövlükdə müəyyən maddi sərvətlərə malik olmaq mümkündür. Lakin hər bir insan və hər bir millət, hər şeydən əvvəl, öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır. Gələcək nəsillərə, bəlkə də, maddi sərvətlər və iqtisadi mirasdan daha çox mənəvi irs, milli mentalitet ərmağan edilməlidir.
Ağayeva Gülnar Mirhüseyn qızı -Dəlləkoba kənd E.Heybətov adına ümumi orta məktəbin tarix müəllimi

