Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlıq - ŞƏRHK
Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərini şərtləndirən amildir. Mükəmməl hüquqi bazaya malik ikitərəfli münasibətlər çoxşaxəlidir. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb.
"İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və "Made in Italy" naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir." Bu fikirləri fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilərkən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxışı zamanı bildirib. Qeyd edək ki, Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı 2025-ci ildə baş tutacaq. Cənab Prezident bunun çox əlamətdar hadisə olduğunu bildirərək ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcəyini, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracağını diqqətə çəkib: "Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir".
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu "Azərbaycan" İstilik Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, ömrü ən azı 20 il uzadılıb, etibarlılıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib, 620 MVt-dan artıq "itirilmiş" güc bərpa olunub.
Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində "Azərenerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Stansiyanın Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəyini bildirən Cənab Prezident qeyd edib ki, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər: "Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür. Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi "Azərenerji"nin öz vəsaiti hesabına təmin ediləcək". Bunun hərtərəfli uğurlu bir layihə olduğunu bildirən dövlət başçısı hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verildiyini diqqətə çəkərək Azərbaycanın da bu sahədə böyük uğurlara artıq imza atdığını bildirib: "Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir".
Ölkəmizdə bərpaolunan enerji növlərinin inkişafına böyük potensial var. Hazırda iki stansiyanın inşa edildiyini bildirən Cənab Prezident onların 470 meqavatlıq günəş və külək enerjisi olduğunu diqqətə çatdırıb: "Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir".
"AZƏRBAYCAN İTALİYANI NEFTLƏ TƏCHİZ EDƏN BİR NÖMRƏLİ ÖLKƏDİR"
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya 2020-ci ildə rəsmi səfəri zamanı dövlətlərarası strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır.
Ötən ilin 1-2 sentyabr tarixlərində Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri ölkələr arasında tərəfdaşlığın göstəricilərindədir. Səfər çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə olunub. İki ölkə arasında strateji iqtisadi tərəfdaşlıq, ilk növbədə, enerji sektorunu əhatə edir. Azərbaycan İtaliyanın əsas xam neft, təbii qaz təchizatçılarından biridir. İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edən Cənab İlham Əliyevin bildirmişdi ki, uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik təbii qaz boru kəməri (TAP) layihəsi İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən, eyni zamanda, İtaliyanın qaz bazarında qiymətlərin sabit saxlanılmasında üstünlüklər təmin edən vacib amildir. "2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi" – deyə Prezident bildirmişdi.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir.
1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilərkən Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır: "TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir".
Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir.
"İTALİYA ŞİRKƏTLƏRİNİN GÖRDÜYÜ İŞLƏR MİQYASINA GÖRƏ TÜRKİYƏ ŞİRKƏTLƏRİNDƏN SONRA İKİNCİ YERDƏDİR"
İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir.
İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində İtaliya dost ölkə olaraq öz töhfəsini verir. Belə ki, İtaliya şirkətləri işğaldan azad olunmuş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. İtaliyanın daha bir şirkəti Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Görülən işlər və layihələr bu əlaqələrin davamlığının təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinin müxbirinə verdiyi müsahibəsində bildirdiyi kimi, "İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər: Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib."
İtaliyanın daha bir şirkəti Azərbaycanın xahişi ilə Şuşada yeni məscidin layihəsini dizayn edib. "Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var, - deyə Prezident müsahibəsində diqqətə çatdırmışdır. İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyəri milyard dollardan çoxdur.
MÜŞTƏRƏK LAYİHƏLƏR - DOSTLUQ VƏ ƏMƏKDAŞLIĞIN DAVAMI
Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. İki ölkənin təhsil müəssisələri arasında da əlaqələr genişlənir. Əbəs deyil ki, bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır. Ölkələrimiz arasında eyni zamanda, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi Azərbaycan və İtaliya arasında salınan körpünün daha da möhkəmləndirir. "İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir"-deyən Prezident bildirib ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır: "Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir".
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir.
İlkin Quliyev
YAP Masallı rayon təşkilatının məsləhətçisi
Şərhlər: 0
Şərh yaz