Bakıda 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi keçirilir
Bakı Ekspo Mərkəzində regionun inşaat sahəsində önəmli tədbiri olan Xəzər İnşaat Həftəsi başlayıb.
Azinfo.az xəbər verir ki, 15-17 oktyabr tarixlərində keçiriləcək Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutacaq. Mühüm tədbirləri bir ad altında birləşdirən Xəzər İnşaat Həftəsi dünyanın bir sıra ölkələrindən tikinti sahəsinin müxtəlif şirkətlərini bir araya gətirib.
Prezident İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayıb.
Sərgilər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğdaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Bakı Şəhər İcra Hakimiyyəti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Hazırda Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dən artıq şirkət yer almaqdadır. İştirakçı ölkələrə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Portuqaliya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Çexiya, Çin, Özbəkistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə və Macarıstan daxildir. Sərgilərdə Almaniya, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rusiya, Türkiyə milli və regional stendlərlə təmsil olunacaq. Bu il keçirilən sərgilərdə keçən il ilə müqayisədə Çin şirkətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, təkcə Özbəkistandan 20-dən çox şirkət sərgilərə qatılır.
Sərgilərin miqyası daha da genişlənərək, Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş zalını da əhatə edəcək. Geniş fəaliyyət istiqamətlərini özündə birləşdirən sərgilərdə bu il ilk dəfə olaraq, süni intellekt və yüksək texnologiyaların tətbiqi ilə məşğul olan şirkətlər yer alacaq.
Şərhlər: 0
Şərh yaz
