Azinfo » İqtisadiyyat » İnfrastruktur » Füzulinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır

Füzulinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır

Tarix : 16-10-2024   /   İqtisadiyyat / İnfrastruktur  

Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında inşa edilən çoxmənzilli binalarda 822 ailə, yəni 3132 nəfər sakin məskunlaşıb. Bu barədə məlumatı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib. Onun sözlərinə görə, Füzulidə 38 çoxmərtəbəli bina tikilib və 846 mənzildən ibarət 4, 5, 6 və 7 mərtəbəli binalar inşa edilib.

Füzulinin inkişafı üzrə baş plana uyğun olaraq, şəhərdaxili yolların uzunluğu 87 kilometrdən çox olacaq. Şəhərdə Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb və Qazaxıstanın tikdiyi "Kurmqanqazı Uşaq Yaradıcılıq Mərkəzi" də fəaliyyət göstərir. Kəndlərdə də aktiv şəkildə bərpa və quruculuq işləri davam etdirilir. Pirəhmədli kəndində bərpa işləri başlayıb, Dövlətyarlı kəndində isə hazırlıq işləri tamamlanıb. Bu kənd "Ağıllı kənd" layihəsi çərçivəsində alternativ enerji mənbələri və yaşıl enerji sistemləri ilə təchiz ediləcək. İlk mərhələdə Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eyni zamanda, məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektlərinin də yaradılması planlaşdırılır.

Abdullayevin verdiyi məlumata görə, Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində də layihələndirmə işləri davam etdirilir. Bu layihələr, Füzulinin müasir tələblərə uyğun bərpası və əhalinin rahat şəraitdə yaşamasını təmin etmək üçün mühüm addımlar hesab olunur.

Şərhlər: 0

Şərh yaz