Azərbaycan və Çin arasında aviadaşımaların inkişaf perspektivləri müzakirə edilib
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev və Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında keçirilmiş görüşdə iki ölkə arasında aviadaşımaların inkişafı müzakirə edilib. Görüşdə Azərbaycan və Çin arasında sərnişin axınının müsbət dinamikası vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuş həyata keçirir. 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların sayının həftədə üç dəfəyə çatdırılması planlaşdırılır. Bu addım artan tələbatın qarşılanmasına və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə imkan verəcək.
Görüş zamanı həmçinin AZAL-ın Çinə uçuş coğrafiyasının genişləndirilməsi, Quançjou və Şanxay kimi iri şəhərlərə aviareyslərin açılması imkanları da müzakirə edilib. Bu planlar ölkələr arasındakı əməkdaşlığın dərinləşməsinə və sərnişinlər üçün yeni imkanların yaradılmasına şərait yaradacaq.
Bakının Çin və Avropa arasında tranzit mərkəzi kimi rolu xüsusi qeyd olunub. Aviadaşımaların inkişafı Azərbaycanın turizm potensialını artırmaqla yanaşı, ölkənin beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun daha da güclənməsinə töhfə verəcək.
Şərhlər: 0
Şərh yaz
