Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək
Vətəndaşların bütün dövlət qurumlarının xidmətlərinə vahid bir platforma üzərindən çıxışını təmin etməyi əsas məqsəd kimi müəyyən etmişik.
Azinfo.az-ın məlumatına görə, bu fikirləri yenilənmiş "mygov" rəqəmsal hökumət platformasının təqdimatı zamanı keçirilən sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev səsləndirib.
O bildirib ki, müxtəlif dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində xidmətlərin "mygov" platforması üzərindən daha əlçatan və rahat şəkildə təqdim olunması istiqamətində işlər aparılır:
“Məsələn, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiyası həyata keçirilib. Növbəti mərhələdə məhkumluq haqqında arayışın və mobil notariatın tam funksionallıqlarının "mygov"a əlavə edilməsi nəzərdə tutulur. Bu proses davam edəcək.”
İdarə heyətinin sədri İnarə Vəliyeva isə qeyd edib ki, məqsəd bütün dövlət xidmətlərini bir platformada toplamaqdır:
"Ancaq bu zaman tələb edən bir prosesdir, çünki daha əvvəl fərqli platformalar və mobil tətbiqlər yaradılmışdı. Biz "mygov"u təqdim etməklə prosesi başlatmalı idik ki, növbəti addımda bütün xidmətlərin burada birləşməsini tələb edək."
Şərhlər: 0
Şərh yaz