Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə təxminən 8 milyon manat sərf olunacaq.
Azinfo.az-ın məlumatına görə, bu layihə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən tender əsasında gerçəkləşəcək. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC şirkəti olub.
Layihə çərçivəsində Cəbrayıl rayonunda salınacaq 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kəndində 48 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Şirkətlə bu məqsədlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə bağlanıb.
Bu hesabla, bir fərdi yaşayış evinin tikintisi orta hesabla 159,6 min manata başa gələcək.
Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə qeydiyyatdan keçib və şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızıdır. Şirkətin nizamnamə kapitalı isə cəmi 10 manat təşkil edir.