Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » Qobustan qoruğu barədə film və kataloq təqdim olunub

Qobustan qoruğu barədə film və kataloq təqdim olunub

Tarix : 03-08-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  


Bu gün “Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimatı keçirilib.

Qobustan Milli Tarixi-Bədii Qoruğunun sifarişi ilə ərsəyə gələn sənədli filmin və kataloqun təqdimat mərasimində qoruğun nəşr etdiyi kitab, jurnal və bukletlərdən ibarət sərgi təşkil olunub.

Açılış nitqi ilə çıxış edən direktor Vüqar İsayev qeyd edib ki, qoruqda elmi-tədqiqat müəssisəsi kimi yerli və xarici mütəxəssislərin iştirakı ilə mütəmadi tədqiqatlar və arxeoloji işlər aparılır: "2016-cı ildə Qobustan qoruğunda “Qobustan qayaüstü incəsənətinin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinə başlanılıb. Müasir metodlar tətbiq etməklə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaq məqsədi daşıyan layihədə sənədləşdirilmiş materialların elmi, həmçinin menecment məqsədləri üçün istifadəsi nəzərdə tutulub. Layihə çərçivəsində Qobustanda ilk dəfə olaraq abidələrin öyrənilməsində 3D modelləşdirmə metodundan istifadə olunub. Tədqiqat layihəsinin ilkin nəticələri “Qobustan-Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqda əksini tapıb".

O əlavə edib ki, qoruğun sifarişi ilə ərsəyə gələn film dünyanın ilk sivilizasiya mərkəzlərindən biri olan Qobustan abidələrindən, burada aparılan elmi-tədqiqat işlərindən bəhs edir.

Sonra çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 2007-ci ildə Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Qobustan qayaüstü rəsmləri böyük tədqiqatlar üçün əhəmiyyətli abidədir: "Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin öyrənilməsi Qobustan Milli Tarix-Bədii Qoruğunun əsas fəaliyyət istiqamətlərindən biridir”.

Şərhlər: 0

Şərh yaz