Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından kütləvi istefa olub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından kütləvi istefa olub

Tarix : 26-01-2023   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzlüyündən imtina edib.
İttifaqın üzvlüyündən ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsinin imtina etdiyi deyilir. Onlar arasında Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

Üzvlükdən imtina səbəblərini öyrənilib.
Xalq yazıçısı Natiq Rəsulzadə üzvlükdən imtina etmək məsələsinin çoxdan olduğunu deyib.
"Mən o üzvlükdən çoxdan imtina eləmişəm. Çünki bir Xalq yazıçısı olaraq, məni nə katibliyə, nə də rəhbərliyə saldılar. Bu, hesab edirəm ki, doğru deyil, haqsız yanaşmadır. Bilirsiniz, mən hansısa qurumdan çıxanda qapını çırpmıram. Səs-küyü sevmirəm. Bu qədər adam üzvlükdən imtina edibsə, demək, burada nəsə var. Mən ümumiyyətlə, 5-6 ildir, ora ilə əlaqəni kəsmişəm".

Xalq artisti Ənvər Həsənov ittifaqın heç bir funksionallığının olmadığını əsas gətirib.
"O ittifaq ümumiyyətlə niyə var? Nəyə yarayır? Azərbaycan kinosu üçün nə edib, mən bilmirəm. Mən neçə vaxtdır, xəstəyəm, dedilər, guya ittifaq mənə yardım üçün pul ayırıb, amma belə bir şey yox idi. Heç bir manat da ayrılmamışdı. Hamısı yalandır".
Xalq artisti Tariyel Qasımov da üzvlükdən imtina edənlər arasındadır.

"Mən Özbəkistanda 17 filmə çəkilmişəm. Bu yaxınlarda Şöhrət Abbasovun yubileyinə dəvətim üçün Bakıya, İttifaqa teleqram vurublar. Amma bu, mənə deyilməyib. Təsəvvür edirsiniz? Şəfiqə Məmmədova bunu məndən gizlədib. Düzdür, bir gün qalmış xəbər tutdum, birtəhər getdim, amma edilən hərəkətə heç bir ad verə bilmədim. Bundan sonra artıq üzvlükdən imtina etdim. Mən seçki prosesində də olmamışam. Şəfiqə Məmmədova yenidən necə, harada sədr seçilib, bilmirəm, mən onu seçməmişəm, seçmək fikrim də olmayıb".

İttifaqın hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Qeyd edək ki, bir müddət öncə ittifaqın mətbuat katibi Əli Vəliyev də ittifaqdan və ittifaqın mətbuat katibi vəzifəsindən ayrıldığını bildirmişdi.

Şərhlər: 0

Şərh yaz