Azərbaycanın siyasi statusu.
Azərbaycan həm siyasi həm iqtisadi baxımdan günü gündən güclənir. Azərbaycanın siyasi inkişafını gücləndirmək üçün atılan addımlar sırasında 22 may tarixində Litvada keçirilən Azərbaycan Litva dövlət başçıları arasındakı görüş iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafı, genişləndirilməsi üçün vacib əhəmiyyət kəsb edir.
1995-ci ildə Azərbaycan və Litva dövlətləri arasında ilk diplomatik münasibətlər qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva arasında indiyədək 40-dan çox sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır. İki ölkə arasında qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir, yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Azərbaycan Litvanın Avropa İttifaqının Tvininq proqramı çərçivəsində tərəfdaşıdır. Həmçinin Azərbaycan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də həyata keçirilən layihələrin sayına görə Litvanın əsas tərəfdaşıdır.
Azərbaycan və Litva arasında keçirilən görüşdə aparılan müzakirələr haqqında mətbuata birgə bəyanat zamanı Litvanın dövlət başçısı bildirib ki, 2006-cı ildən etibarən beynəlxalq inkişafa dair layihələrdə Azərbaycan ilə bir yerdə iştirak edir.
Azərbaycan-Litva biznes forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanları dəyərləndirilib. Bu gün Litva və Azərbaycanın öz regionlarında mühüm daşımalar qovşağı olduğunu söyləyən Prezident İlham Əliyev deyib: “Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, hesab edirəm ki, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”.
Azərbaycanın beynəlxalq forumda olan mövqeyini gücləndirmək yönündə atılan addımlar Azərbaycanı daim irəliyə aparacaqdır.
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Əməkdaşı Çingiz Qurbanov