Azinfo » Siyasət » Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində olmuşdur.

Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində olmuşdur.

Tarix : 30-05-2023   /   Siyasət  

          

 

Qırx dörd günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi.

          
Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təkidimlə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. 


Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq.

            
Elektrik enerjisi ilə bağlı dərhal buraya mütəxəssislər ezam edilmişdir. Laçının elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından, - hansı ki, biz qısa müddət ərzində inşa etmişik, - 

buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq.

            

Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik.

            

İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.

Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! 

          


 Yaşasın Laçın! Yaşasın Azərbaycan!

 

 

 

 

Paşayev Teymur

Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbinin laborantı.

Şərhlər: 0

Şərh yaz