Azərbaycan cəmi altı il Ulu Öndər Heydər Əliyevsiz qaldı, bu bizim üçün çox faciəli,böhranlı və utanverici dövr kimi tarixdə qaldı
Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması daha çox erməni separatçılarına, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən “daşnaksütyun”çulara lazım idi və belə adamlar Qorbaçovun ətrafında yer almışdılar. Heydər Əliyev Azərbaycana qarşı hücumların qarşısında dayanan çox böyük qüvvə, güc idi. Çünki onu beynəlxalq aləmdə tanıyırdılar, Kremldə böyük nüfuzu vardı.
Heydər Əliyev çıxışlarının birində qeyd edir ki, “beş ildən artıq Moskvada işləyərkən oradan da Azərbaycana daha çox vəsait ayırmaqla, respublikamızın işlərini daha da irəli aparmaqla məşğul oldum”.
Amma məsələ təkcə bunda deyildi. Qorbaçov SSRİ rəhbərliyinə gələn gündən Heydər Əliyevə qarşı ədalətsizcəsinə təzyiq etməyə başladı. Heydər Əliyev onun qısqanclığını başa düşürdü. Burada ikinci bir məsələ var idi, Heydər Əliyevin türk-müsəlman respublikalarını və onların rəhbərlərini Qorbaçovun ədalətsiz hücumlardan qoruması, Kremlin yeni sahibinin xoşuna gəlmirdi. Məsələn, Heydər Əliyev 1996-cı ildə Türkiyənin bir televiziya kanalına verdiyi müsahibədə buna aydınlıq gətirərək deyir: “1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən ona anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə söhbətim oldu. Nəhayət, 1986-cı ilin dekabrında Qazaxıstanın rəhbəri Kunayevə qarşı ədalətsizlik oldu. Kunayev qazax, türk idi və 22 il o respublikaya rəhbərlik etmişdi. Mən ona qarşı olan ədalətsizliyə etiraz etdim. Digər tərəfdən onun yerinə Qorbaçov özünə yaxın, milliyyətcə rus olan bir adam təyin etdi. Qorbaçova söylədim ki, belə etmək olmaz. Qazaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o 22 ildir ora rəhbərlik edir. Ondan əvvəl də respublikaya qazaxlar rəhbərlik ediblər. Amma indi Qazaxıstana başqa millətdən olan adamı rəhbər göndərmək doğru deyil. O, mənə dedi ki, qazaxlar özləri bunu məndən rica ediblər. Ancaq yalan deyirdi...”
Daha sonra Qazaxıstanda baş verənlər Heydər Əliyevin haqlı olduğu üzə çıxardı. Buna baxmayaraq, Qazaxıstanda xalqa qarşı amansız tədbirlər həyata keçirib faciə törədəndən sonra Sov.İKP MK-da araşdırma aparıb, “Qazaxıstan millətçiliyi” barədə qərar qəbul etdilər. Heydər Əliyev buna da etirazını bildirdi.
Qorbaçov Kabardino – Balkar Muxtar Respublikasının rəhbəri, müsəlman Malbaxovu çıxarıb, Sibirdən bir rusu gətirib rəhbər təyin etmək istəyir. Heydər Əliyev buna da öz etirazını bildirir. Heydər Əliyevin türk-müsəlman respublikalarını müdafiə etməsi, onlara görə Baş katiblə mübahisə etməsi təbii ki, Qorbaçovun xoşuna gəlmirdi və onun planlarını pozurdu. Heydər Əliyev tədricən qorbaçovlaşan siyasi büroda arzuolunmaz şəxsə çevrilirdi. O, özü bunu belə ifadə edir: “Siyasi büroda mənim – bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi”. Əlbəttə bu daha çox Qorbaçovun əlaltılarının, Heydər Əliyevi hakimiyyət səlahiyyətlərindən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilərin işinə yarayırdı.
1982-ci ildə SSRİ-nin yeni rəhbəri Yuri Andropov Heydər Əliyevi Moskvaya dəvət edərkən ona nə deyir: “Mənim sənə ehtiyacım var, istəyirəm sən Moskvada işləyəsən. Azərbaycan sənin üçün dar oldu”. Heydər Əliyev Nazirlər Soveti Sədrinin birinci müavini təyin olunandan dərhal sonra Andropovun şəxsi təşəbbüsü ilə SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin Operativ Məsələlər Komitəsinə rəhbərlik edir. Həmin illərdə Kremldə bu komitənin sözünün qarşısında ikinci söz deyilə bilməzdi. Komitənin fövqəladə səlahiyyətləri var idi.
Əlbəttə, Qorbaçov hakimiyyətə gələndən sonra Heydər Əliyevi dərhal işdən çıxara bilməsə də, tədricən vəzifələrindən uzaqlaşdırırdı. İş o yerə çatır ki, 1986-cı il iyulun sonunda Türkiyənin o zamankı Baş naziri Turqut Özal SSRİ-yə səfərə gəlir. Amma SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev hətta protokol tədbirlərinə belə salınmır. SSRİ rəhbəri Qorbaçovun bədxah niyyətlərindən xəbərsiz olan Türkiyə tərəfi, elə Turqut Özal özü belə bundan çaşbaş qalır...
Nəhayət, bütün bu ədalətsizliklərə tab gətirməyən Heydər Əliyev istefa verdi. Qorbaçov istədiyinə nail oldu. Amma bununla iş bitmədi. O, Heydər Əliyevin nə qədər böyük nüfuz sahibi olduğunu, hətta Rusiyada belə ona xalqın böyük rəğbət bəslədiyini bilirdi. Ona görə də Heydər Əliyevə qarşı çirkin kampaniyalara başladı. Heydər Əliyev sonralar bunu ürək ağrısı ilə belə ifadə edirdi: “Qorbaçov hakimiyyətində mənə qarşı çox mənfi münasibət yarandı. Onlar məni bir millətçi kimi ittiham etmək istədilər. Hətta məni təqib etmək istədilər. Məni həbs etmək istədilər”.
Heydər Əliyevin varlığı Qorbaçovu rahat qoymurdu, onu istefada olanda belə özünün ciddi rəqibi hesab edirdi. O, İttifaq respublikalarında, Rusiyanın özündə, elə Kremlin Qorbaçovdan narazı olan bir çox rəhbər şəxsləri arasında Heydər Əliyevə SSRİ-nin xilaskarı kimi ümid bəslədiklərini bilirdi.
Sovet rejiminin ən böyük ədalətsizliyi bunda idi ki, ömrünü quruculuq və yaradıcılıq işinə həsr etmiş bir siyasət adamını ləkələməyə qalxdılar. Ən acı olan isə bu idi ki, Azərbaycanda da vaxtı ilə Heydər Əliyevin vəzifə verdiyi, yetişdirdiyi bəzi adamlar Qorbaçovun ona qarşı başladığı çirkin kampaniyaya qoşuldular. Heydər Əliyev ürək ağrısı ilə bunu dilə gətirirdi və təəssüflə deyirdi: “1987-ci ildə istefa verdim və qalıb Moskvada yaşadım. 1988-ci ildə mənə qarşı kampaniya qaldırdılar ki, Heydər Əliyev Azərbaycanda bunu düzgün etməyib, onu düzgün etməyib, bu yanlış olub, o yanlış olub. Azərbaycandan da bəzi pis adamlar Qorbaçova qoşuldular, məni ləkələmək, hörmətdən salmaq istədilər. Mənim haqqımda qəzetlər yazdılar, cavab vermək istədim, imkan vermədilər”.
Bütün bu ədalətsizliklər əks effekt verirdi və xalq Heydər Əliyevi daha çox sevməyə başlayırdı. Təbii ki, Heydər Əliyevdən sonra əli-ayağı tam açılan Qorbaçov ermənilərin planlarına “yaşıl işıq” yandırmağa başladı.
Heydər Əliyevin istefasından çox keçmədi ki, Azərbaycanın bəlaları başladı. Dağlıq Qarabağ problemini alovlandırmaq və separatçı qüvvələrin əlinə bəhanə vermək üçün şəxsən M.Qorbaçovun göstərişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi 26-28 fevral 1988-ci ildə Sumqayıt hadisələrini törətdi. Mən bütün bu hadisələrin şahidi olmuşam. Çünki Sumqayıt hadisələrindən sonra şəhərin bütün rəhbər vəzifəli şəxslərini uzaqlaşdırdılar, bircə mən qaldım iş başında. Hadisə baş verəndən bir gün sonra əmanət kassasının rəhbəri yanıma gəlib dedi ki, Əli müəllim, keçən il – 1987-ci ilin sentyabr-oktyabr ayında bizdə hesabları olan bütün ermənilər əmanətlərini qəpiyinə qədər kassadan çıxarıblar. Soruşdum ki, sizdə hesabların özü qalırmı? Dedi, qalır. Tapşırdım ki, hamısını gətirsin. Təsəvvür edirsinizmi, 5 min erməni vətəndaşı Sumqayıt Mərkəzi Əmanət Kassasından pullarını axırıncı qəpiyinə kimi çıxarmışdılar. Bu onu göstərirdi ki, onlar şəhərdə planlaşdırılan hadisələrdən qabaqcadan xəbərdar ediliblər.
Bu hadisədən sonra 1990-cı ilin qanlı Yanvar faciəsi baş verdi. Heydər Əliyev Moskvada təqib olunsa da xalqının başına açılan bu amansızlığa dözməyərək meydana çıxdı və bütün dünyaya bəyan etdi ki, Bakıya Sovet Ordu hissələrinin yeridilməsi Azərbaycan xalqına qarşı təcavüzdür. İndi sual verirəm: Heydər Əliyev səviyyəsində hansı Azərbaycan siyasi və dövlət xadimi, təqib olunmasına baxmayaraq, bütün ailəsini yanına alıb, qırmızı imperiyanın baş şəhərinə gəlib dünya mətbuatı qarşısında SSRİ rəhbərliyinə qarşı belə ittiham irəli sürə bilərdi? Görün özü bunu necə dilə gətirirdi: “1990-cı ildə Azərbaycana qarşı bir təcavüz edildi. Onda mən Moskvada idim. Mən ailəmlə bərabər Moskvada bu faciə ilə bağlı keçirilən mitinqə getdim. Orada Qorbaçovun, Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə çıxış etdim. Onları məhkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüsünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar...”
Etiraf etmək lazımdır ki, həmin vaxt Qorbaçovun “bandası” Heydər Əliyevə qarşı qəsd də təşkil edə bilərdi. Bu istisna deyildi, amma Heydər Əliyevin nüfuzu qarşısında bu addımı atmağa cəsarət etmədilər.
Bundan sonra SSRİ artıq dağılmağa başladı. Bunun fonunda Azərbaycana qarşı Ermənistanın elə Rusiyanın dəstəyi ilə təcavüzü daha geniş xarakter aldı. Ermənistanda yaşayan azərbaycanlılar kütləvi şəkildə amansızlıqla deportasiya edildilər. 1992-ci ilin fevralında Xocalı faciəsi törədildi. May ayında daxili qüvvələrin hakimiyyət kürsüsü uğrunda mübarizəsi nəticəsində bir-birinin ardınca Şuşa, Laçın, Kəlbəcər erməni-rus hərbçiləri tərəfindən işğal olundu. Yəni bütün bunlar Heydər Əliyevin Azərbaycanda, hakimiyyətdə olmadığı 6 il ərzində baş verdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı, təbii ki, bu hadisələr heç vaxt baş verə bilməzdi...
Bəli, belə düşünənlər, bunu arzulayanlar var idi. Heydər Əliyev Moskvadan Bakıya gəlsə də ona burada yaşamağa nə imkan verdilər, nə də belə bir şərait var idi. Vaxtı ilə ona məxsus olan evi belə əlindən almışdılar. Amma doğmaları, Naxçıvan ona qucaq açdı. Çox keçmədi ki, Ali Sovetə seçkilər zamanı Heydər Əliyevin namizədliyini irəli sürüb onu deputat seçdilər. Sonra Naxçıvan Ali Sovetinin Sədri kimi muxtar respublikaya rəhbərlik etməyə, əslində Naxçıvanı erməni işğalından, region əhalisini aclıq və səfalətdən xilas etməyə başladı. Azərbaycanda xalq gördü ki, Heydər Əliyev elə əvvəlki nadir, fenomenal lider olaraq qalıb və dünyada ona böyük rəğbət var.
Heydər Əliyevin nüfuzunu və ona olan böyük hörməti göstərən maraqlı bir hadisəni açıqlamaq istərdim. RSFSR Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov Türkiyədə olarkən artıq Naxçıvanda Ali Sovetin sədri olan Heydər Əliyevin də orada olduğunu öyrənir və onunla görüşmək istədiyini bildirir. Protokoldan olan rəsmilər ona deyirlər ki, diplomatik normalara görə muxtar respublika Parlamentinin rəhbəri onun qəbuluna gəlməlidir, RSFSR Ali Soveti sədrinin onun qəbuluna getməsi düzgün deyil. Amma Xasbulatov protokolun işçilərini başa salır ki, Qafqazda yaşca kiçik olan böyüyə hörmətini bildirmək üçün onun qəbuluna gedir. Beləcə o, Heydər Əliyevin iqamətgahına gedir və burada onu çox hərarətlə qarşılayırlar. Burada Türkiyədən olan həmkarı öz çaşqınlığını bildirəndə, Xasbulatov cavab verir ki, onların kəşfiyyatı yaxşı işləmir: “Heydər Əliyevin o qədər güclü potensialı var ki, tezliklə o, dövlət başçısı olacaq”.
Heydər Əliyev böyük strateq idi, çox üstün keyfiyyətlətə malik idi – qarşılaşdığı siyasətçilərin bir çox gedişlərini, onların qəbul edəcəyi qərarları qabaqcadan hesablamağı bacarırdı. Heydər Əliyev hələ sovet kəşfiyyatının peşəkar zabiti kimi bu keyfiyyətə yiyələnmişdi. Bu bacarıqlar da ona 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi alovunu söndürməyə kömək etdi. Hətta rəqibləri belə ona hörmətlə yanaşırdılar. Heydər Əliyevdən kim danışırsa, bu siyasətçinin əsas tərifi bir söz olur – müdriklik.
Rusiya xarici işlər nazirinin keçmiş müavini, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin bu yaxınlarda mətbuata verdiyi müsahibəsində vurğulayır ki, o, Heydər Əliyevi tarixin– sovet və postsovet dövrünün ən görkəmli siyasətçisi hesab edir: “Heydər Əliyeviçlə görüşlərimdən ən parlaq təəssüratlarım var. O, çox çətin dövr üçün lazım olan siyasi liderə xas, çox zəruri keyfiyyətlərə malik, heyrətamiz dərəcədə çevik, bacarıqlı, müdrik və ağıllı bir insan idi. Müasir Azərbaycanın formalaşmasında onun rolu inanılmaz dərəcədə böyükdür. Ölkənin inkişafının əsasını qoydu. Məsələn, 30 illik fasilədən sonra Azərbaycana ilk dəfə gələnlər ölkənin nəhəng tərəqqisinə heyran qalacaqlar. Ölkədə müəyyən problemlər var, lakin Heydər Əliyeviçin adı onun vətəndaşları üçün bu problemləri həll etməkdə stimul rolunu oynayır”.
Heydər Əliyev nəhəng sovet dövlətinin rəhbərlərindən biri kimi böyük diplomatik və praktik təcrübəyə malik idi. Müstəqil Azərbaycan dövlətinin başçısı postuna gələndə bu təcrübə ona ABŞ, Avropa və Asiya ölkələrinin rəhbərləri ilə bərabər səviyyədə ünsiyyət qurmağa və yeni yaradılan əlaqələrdən ölkəsinin xeyrinə istifadə etməyə imkan verdi.
Heydər Əliyev xaos və anarxiya içində olan Azərbaycanda qısa bir zamanda balanslaşdırılmış xarici siyasət xəttini formalaşdırıb həyata keçirməyə başladı. Bilavasitə onun incə siyasəti və beynəlxalq aləmdəki nüfuzu sayəsində Azərbaycan üçün əlverişli şərtlərlə “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Burada da bir məsələni xüsusi vurğulamaq lazımdır ki, müqavilənin uğurunu təmin edən ikinci əsas amil danışıqların Heydər Əliyevin özü kimi inandığı gənc siyasətçi İlham Əliyev tərəfindən aparılması oldu. Danışıqlar uzun və çətin keçdi. Azərbaycanın neft siyasətini dəyişmək üçün Bakıya təzyiq göstərmək məqsədilə kənardan ruhlandırılan bir neçə silahlı üsyan cəhdlərilə vəziyyəti daha da gərginləşdirdilər. Lakin belə təzyiqlərlə Heydər Əliyevin iradəsinə və qətiyyətinə üstün gəlib vətəninin mənafeyinin əksinə getməyə sövq etmək mümkün deyildi və olmadı da. Yəqin xatırlayırsınız, Heydər Əliyev, müqaviləni imzalayarkən sevincini gizlədə bilmirdi, çünki özünün söylədiyi kimi, gələcək nəsillərin tarixi hadisəni yüksək qiymətləndirəcəyinə əmin idi.
“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycan üçün birbaşa iqtisadi səmərə ilə məhdudlaşmır. Heydər Əliyevin uzaqgörənliyi sayəsində multiplikativ effekt əldə edildi: “Əsrin müqaviləsi”ndə dünyanın səkkiz ölkəsindən 13 şirkət iştirak edirdi. Qısa bir zaman kəsiyində ölkənin dünyadakı geosiyasi statusu kəskin şəkildə yüksəldi, xalqın sosial rifahının əsası qoyuldu, respublikanın neft-maşınqayırma və neft-kimya sənayesinə güclü təkan verildi. İqtisadiyyata milyardlarla dollar axın Azərbaycanın bazar iqtisadiyyatına keçidində ortaya çıxa biləcək problemləri önlədi və əldə edilən gəlirlər sənayenin bir çox sahələrində yeni texnologiyaların tətbiqinə imkan verdi. Məhz Heydər Əliyevin dövründə Bakının yenidən qurulması işlərinə başlanıldı. Paytaxtın yenidən qurulması işi artıq onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. İndi gördüyümüz Bakını 20 il əvvəlki Bakı ilə müqayisə etmək belə mümkün deyil.
Sovet hakimiyyətinin yetişdirdiyi bir çox nəhəng siyasətçilərdən fərqli olaraq, Heydər Əliyev dəyişdi, yeni şəraitə daha çevik uyğunlaşdı. Çünki zaman başqa zaman idi, tələblər dəyişmişdi və Azərbaycan artıq müstəqil ölkə kimi yalnız özünə arxalana bilərdi. Hamının sosialist təsərrüfatı sisteminin ustası kimi qəbul etdiyi Heydər Əliyev sahibkarlıq, mülkiyyətçilik üzərində qurulan bizneslə, müasir dövrün iş adamları ilə çox asanlıqla əməkdaşlıq etməyə başladı.
Heydər Əliyev 75-80 yaşında belə ona “sədaqətli olan” kompüter yaddaşı ilə həmsöhbətlərini təəccübləndirərək hamı ilə ortaq dil tapmağı çox asan bacarırdı. Diqqət etmisinizsə, 1960-cı illərdə respublikaya rəhbərlik etmiş böyük siyasətçi XXI əsrdə “hakimiyyətin acı dadı var” deyə, zamanın ruhunu hiss edirdi. Yüksək siyasi eşalonlarda, kuluarlarda görmədiyi qalmayan Heydər Əliyevn həyat təcrübəsi ona başqalarından bir az daha uzağı görməyə imkan verirdi.
Heydər Əliyevin miqyasa gəlməyən dövlətçilik xidməti, hakimiyyətə gəldikdən sonra Azərbaycanda daxili siyasi sabitliyə nail olması ilə məhdudlaşmır. O, həm də ölkənin iqtisadi müstəqilliyinin əsasını qoymuşdur. Ölkədə istehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi üçün antiböhran proqramının işlənməsi, milli ordunun yaradılması və ən əsası yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ilə çıxış edib, qısa vaxtda onun referendum yolu ilə qəbul edilməsinə nail olub. Görün Heydər Əliyev Konstitusiya ilə bağlı nə deyir: “Biz elə bir Konstitusiya hazırlayıb qəbul etməliyik ki, o, Azərbaycanın uzun müddət demokratik prinsiplər əsasında sabit mövcudluğunu təmin edən tarixi sənədə, əsas qanuna çevrilsin”.
YAP Masallı rayon təşkilatı
Böyük Kolatan ərazi partiya təşkilatının sədr müavini
Elçin Sadıxov
Şərhlər: 0
Şərh yaz