Masallının Yeyənkənd kəndində şəhid ailəsi üçün tikilmiş evin açarları ailəyə təqdim olunub

Masallı rayonunun Yeyənkənd kəndində şəhid ailəsi üçün tikilmiş yeni fərdi yaşayış evinin açılış mərasimi unudulmaz bir gün olaraq yadda qaldı. Bu addım şəhid ailələrinə dövlətin göstərdiyi xüsusi diqqət və qayğının daha bir bariz nümunəsidir.
15 yanvar 2025-ci il tarixində təşkil olunan bu tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, media nümayəndələri və kənd sakinləri iştirak etdilər. Açılış mərasimində çıxış edən Araz Əhmədov şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğuladı. O, şəhid anası Gülsüm Xəmmədovanı yeni evlə təmin olunması münasibəti ilə təbrik edərək şəhidlərimizin əziz xatirəsini daim uca tutduqlarını qeyd etdi.
Şəhid anası Gülsüm Xəmmədova öz çıxışında bu diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin rayon rəhbərliyinə dərin minnətdarlığını ifadə etdi. O, bildirib ki, ev problemini çatdırdığı andan etibarən məsələyə dərhal reaksiya verilib, ona torpaq sahəsi ayrılıb və qısa müddət ərzində yeni ev tikilib. Bu, Azərbaycanın şəhid ailələrinə və digər sosial həssas qruplara göstərdiyi qayğının bariz göstəricisidir. Gülsüm Xəmmədova yeni evin tikintisində iştirak edən bütün şəxslərə təşəkkür edərək vurğulayıb ki, şəhidlərimizin ruhu qarşısında göstərilən bu diqqət onların ailələrinə böyük mənəvi dəstəkdir.
Mərasimdə çıxış edən şəhid atası Qismət Məlikov, kənd ağsaqqalı Fəxrəddin Fərəcov, kəndin din xadimi Abuzər Axundov və başqaları da dövlət başçısının şəhid ailələrinə olan diqqətini yüksək qiymətləndiriblər. Onlar şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, mənzillərlə təmin olunması və digər sosial məsələlərin həllində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini dərin minnətdarlıqla vurğuladılar.
Mərasimin sonunda iştirakçılar yeni evin içərisində yaradılmış şəraitlə tanış oldular. Evin müasir və hər cür rahatlığı təmin edəcək şəkildə inşa edilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti öz qəhrəmanlarının ailələrinə yüksək diqqət və qayğı ilə yanaşır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən dəstək təkcə maddi yardım deyil, eyni zamanda mənəvi dayaq və hörmətin ifadəsidir. Bu kimi addımlar bir daha sübut edir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanların ailələri heç vaxt unudulmur və daim dövlətin qayğısı ilə əhatə olunurlar.
Azərbaycan xalqı olaraq biz şəhidlərimizə və onların ailələrinə minnətdarıq. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Bu siyasət ölkəmizin gələcək nəsillərinə qəhrəmanlıq nümunəsi olaraq əks olunur və Azərbaycan xalqının birlik, həmrəylik və yüksək dəyərlərə sadiqliyini daha da gücləndirir.







Şərhlər: 0
Şərh yaz
