Azinfo » Siyasət » "Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır"

"Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır"

Tarix : 30-06-2022   /   Siyasət  

Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordumuzdur. 

Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün hər bir zabit və əsgərlərimizə minnətdarırıq. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz çökdü, kapitulyasiya akına imza atdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcərdə və Laçında oldu, bir güllə belə atılmadan azad edilən bu torpaqlardan Ermənistana və ona havadarlıq etməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı. Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, döyüş hazırlığından geniş bəhs edərək bildirdi ki, bu gün Silahlı Qüvvələrimizlə fəxr edə bilərik. Bu gün müzəffər xalq, qalib ölkə kimi Ordu Gününü qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev işğal dövründə hərbçilərlə çoxsaylı görüşlərində, ölkəmizdə keçirilən hərbi paradlarda, Beynəlxalq Müdafiə sərgilərində daim bu əminliyi ifadə edirdi ki, gün gələcək biz öz doğma torpaqlarımızı qaytaracağıq. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Ölkə Prezidenti bu məqamı da xüsusi qeyd edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu sahəsində davamlı addımların atıldığına diqqət çəkən deputat deyib: “Ötən ilin dekabrında birinci komando hərbi hissəsinin azad edilmiş Hadrutda istifadəyə verildiyini xatırladan Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirib ki, bu mühüm hadisədən 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi keçirilir. Bu onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Xalqımızın şanlı Qələbəsi indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olub. Şuşa əməliyyatı bir dastana çevrildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə bütün müsahibələrində, xalqa müraciətlərində “Şuşasız bizim işimiz yarımçıq olar” çağırışı Qarabağın tacının işğaldan azad edilməsinin əsas hədəf olduğunu açıqladı. Zəfər Günü kimi təsis edilən 2020-ci ilin 8 noyabr tarixdə Şuşanın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya aktını imzalamasında mühüm rol oynadı. Belə çətin relyefə malik ərazinin işğaldan azad olunacağını ermənilər heç zaman düşünmürdü. Azərbaycan Ordusu göstərdi ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

“Dövlətimizin başçısı İlham Əliyev məlum nitqində bir daha bildirdi ki, Vətən müharibəsindən ötən il yarım ərzində ordumuzu daha da gücləndirmək, müasir silahlarla təchiz etmək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olmaq üçün gecə-gündüz çalışdıq və buna nail olduq”,  eyni zamanda, Müzəffər Ali Baş Komandanın Kəlbəcərdən Ermənistanda baş qaldıran revanşist qüvvələrə çağırışlarına da yönəldib: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır”.

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcər və Laçında bu gün genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi dövlət başçısının bu rayonlara səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə yönəlib: “Görülən işlərin fonunda bu əminlik bir daha ifadə edildi ki, Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Dövlətimizin başçısı bəyan etdi ki, ilk növbədə, bu bölgədə - Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır”.

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə hər səfərinin Böyük Qayıdışı daha da yaxınlaşdırdığını, görülən işlərin miqyasının ölçüyəgəlməzliyini, eyni zamanda, bu işlərin Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirildiyini şahidi oluruq: “İşğaldan azad edilmiş bütün ərazilərimiz Baş plan əsasında yenidən qurulur, bərpa edilir. Müasir tələblər bərpa-quruculuq işlərində öz əksini tapıb. Səfər çərçivəsində Kəlbəcərin Baş planı təqdim edildi, həmçinin İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərimizdə bu komplekslərin yaradılmasının vacibliyini bildirib. İşğal və Zəfər muzeyləri hər iki dövrün reallıqlarının təbliğinə öz töhfələrini verəcək. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı belə mühüm addımların fonunda tarixinin hər bir səhifəsinə hörmətlə yanaşdığını, qoruduğunu və təbliğinə səy göstərdiyini dünyaya nümayiş etdirir. Tarixinə sahib çıxan Azərbaycan xalqı, həmçinin göstərir ki, qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Təbii ki, görülən bütün işləri sadalamaq mümkün deyil. Onların miqyası günbəgün genişlənir. Otuz ilin işğalına 44 gündə son qoyan Azərbaycan il yarım ərzində həyata keçirdiyi bərpa-quruculuq işləri ilə bu torpaqların sahibi olduğunu bir daha təsdiqləyir”.

Oktay Abıyev
YAP Masallı rayon təşkilatının fəal üzv
ü

Şərhlər: 0

Şərh yaz