"Bəşəri dəyərlərin təbliğinə xidmət edən qoşulmama hərəkatı"2019-2022 ci illər

2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Qoşulmama Hərəkatında böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün bu nüfuzlu quruma sədr seçildi. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdəiki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
1961-ci il sentyabrın 6-da Belqradda təsis edilmiş Qoşulmama Hərəkatının ideoloji əsasını 1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri təşkil edir. Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyətə malikdir. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir. Azərbaycanın hərəkata üzvlüyü ölkəmizin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.
“Soyuq müharibə” illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü müdafiə edən Qoşulmama Hərəkatı “soyuq müharibə” bitdikdən sonra da öz aktuallığını itirməyib. Bu təşkilatın BMT-dən sonra tərkibində ən çox dövləti (120 ölkə) birləşdirən bir siyasi təsisat olması faktı özü-özlüyündə çox şey deməkdir.
2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Hərəkatın XVIII Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Qoşulmama Hərəkatının hazırkı sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Qoşulmama Hərəkatı üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi. Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı.
2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Bu tədbirdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək nüfuzlu qurumun üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. İyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu-Yorkda ölkələr arasında müzakirə olunur.
Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar. Bakıda keçirilmiş zirvə görüşü Ermənistan-- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada, bilavasitə, işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Onu da qeyd etmək vacibdir ki, təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.
Ramiz Nuriyev
YAP Masallı rayon təşkilatı
Qodman kənd ərazi partiya təşkilatının sədr müavini
Şərhlər: 0
Şərh yaz
