Azinfo » Siyasət » Konstitusiya : Cəmiyyətimizin hüquqi bazası.

Konstitusiya : Cəmiyyətimizin hüquqi bazası.

Tarix : 11-11-2022   /   Siyasət  
Siyasi arenada, döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa edən Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayır. 44 gün ərizində tariximizdə yeni səhifə yaratmış Azərbaycan dünyaya siyasi və hərbi gücünü göstərdi. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, həmrəylik nümayiş etdirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli Ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın Qələbəsini təsdiqləyən üçtərəfli Bəyanat imzalandı. Azərbaycan xalqı Zəfər tarixini 8 Noyabr Zəfər Gününü qeyd etdi. Bu günlər Azərbaycan xalqı öz tarixi günlərini yaşayır. Bu gün isə zəfər qazanmış Azərbaycan 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu günü ilk milli Konstitusiyamızın qəbul edilməsinin 27-ci ildönümünü qeyd edir. Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, ümumxalq səsverməsi - referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul edərək, onu ideya və dəyərlər sistemi kimi təsbit etmiş oldu. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Tarixi zamana nəzər salıb, həmin illəri vərəqləsək görərik ki, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Azərbaycan Respublikası Konstitusiya Günü elan edildi. Hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

İlk ali Qanunu qəbul etməklə, Azərbaycan xalqı bütün cəmiyyətin və hər kəsin firavanlığını, azadlığını və təhlükəsizliyinin bərqərar edilməsinə nail oldu. Müstəqil dövlətin ilk konstitusiyası, eyni zamanda, xalqımızın dünyəvi, milli-mənəvi prinsipləri rəhbər tutaraq, seçdiyi gələcək yolun ifadəsi idi. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan konstitusiyanın mühüm özəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılması idi. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusion müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı.Belə ki, mətbuat üzərində senzura tamamilə ləğv edildi. 1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə ölkəmiz bir sıra Konvensiyalara qoşuldu, dövlətin hüquqi sisteminin demokratik dünya standartlara uyğunlaşdırılması davam etdi. 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Təsisatı fəaliyyətə başladı.

Cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması Konstitusiyada islahatların aparılmasını zəruri etdiyindən, 2016-cı ildə növbəti dəfə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçirildi. Konstitusiya islahatları cəmiyyətin sosial sifarişi olaraq ciddi bir zərurət kimi meydana çıxdı. Silahlı Qüvvələrlə bağlı edilən dəyişikliklər də təqdirəlayiqdir. Belə ki, Ali Baş Komandan statusu yalnız ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq konstitusiyaya edilən dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabedir. Digər mühüm və vacib məqamlardan biri isə prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması idi. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Dünya təcrübəsində olan bu demokratik ənənənin Azərbaycan Konstitusiyasında da əks olunması müsbət haldır. Bütün bunlar çevik və səmərəli siyasət aparmağa, ölkənin siyasi nüfuzunu və iqtisadi-hərbi qüdrətini daim artırmağa, iqtisadi və siyasi səhnədə olduğu kimi, idarəetmədə də islahatlar keçirməyə imkan yaratmış oldu. Referendum Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövrə, həyatımızda baş verən irəliləyişlərə uyğunlaşdırılması və yeni tələbələrə cavab verən formaya salınması baxımından əhəmiyyət kəsb edir. Bu dəyişikliklər əsasən, insanların hüquq və azadlıqlarının daha yaxşı təminatının yaradılmasına yönəlmiş oldu. Eyni zamanda, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizminin daha çevik formaya salınması ilə əlaqədardır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizin tərəqqisinə, inkişafının davamlı xarakter daşımasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə, idarəetmənin təkmilləşdirilməsi və demokratik inkişaf prosesinə töhfələr verir. Prezident İlham Əliyevin ötən 19 ildə Azərbaycana rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində uğurlar əldə edilib, ardıcıl olaraq sosial-iqtisadi islahatlar həyata keçirilib. Azərbaycanın dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar, tərəqqi və quruculuq prosesləri öz mənbəyini, məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürüb. Əsas Qanunda təsbit edilmiş prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə davamlı inkişafın əldə olunmasına zəmin yaradıb. Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni və daha yüksək mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan qalib ölkə kimi dünyada tanınır. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq. 44 gün davam etmiş Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra Azərbaycan Konstitusiyasının tələblər və müddəaları yerinə yetirilib.


Eldar Kazımov
YAP Masallı rayon təşkilatının məsləhətçisi

Şərhlər: 0

Şərh yaz