Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.
Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.
Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır.
Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir. Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.
Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatının məsləhətçisi
Şərhlər: 0
Şərh yaz