İran və Ermənistan regionun nəqliyyat infrastruktur layihələrinə əngəl törədə bilməz.
Bildiyimiz kimi, son dövrlər ölkəmiz çox böyük iqtisadi layihələrə imza atıb. Bu layihələrin uğurla həyata keçməsinin əsas amillərindən biri hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində yaranmışdır. Dövlət başçımızın uğurlu, müdrik siyasəti, peşəkar diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır.Yeri gəlmişkən, Prezident İlham Əliyevin noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı və bir sıra diplomatların, ekspertlərin, elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi. Möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal - Cənub, Şərq - Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xəttlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.
Vətən müharibəsindən sonrakı dövrdə dünyada böyük nüfuz qazanan Azərbaycan artıq Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində region və dünya dövlətləri arasında ən mühüm mövzuların müzakirə olunduğu, mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilməsi Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Beynəlxalq konfransın iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərlərinin və nümayəndələrinin də yer alması Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələlərinin beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılması baxımından olduqca əhəmiyyətli idi.
Bundan əlavə konfrans iştirakçılarının hazırda cərəyan edən qlobal proseslər, Beynəlxalq təşkilatların qlobal proseslərə təsiri, dövlətdə din və s. kimi suallarına Prezident İlham Əliyevin verdiyi cavablar bir daha beynəlxalq hüququn, beynəlxalq təsisatların fəaliyyət reallıqlarının dəyişdirilməsi, ədalətsizliyə son qoyulması, ikili siyasət yürüdülməməsi istiqamətində oldu. Dünyada reallığın isə, Azərbaycan torpaqlarının işğaldan azad olunması nümunəsində olduğu kimi - xalq, ordu və siyasi iradənin vəhdəti olduğunu bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü inam və ölkənin inkişafı ilə bağlı görülən işlər, eləcə də cəmiyyətə verilən mesajlar ondan ibarətdir ki, din dövlətdən ayrı olmalıdır, çünki Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri birgə yaşayırlar, torpaqlarımızın düşmən işğalından azad olunmasında birgə mübarizə apardılar və qələbədə hər kəsin payı var. Azərbaycanda hər kəs vətəndaşlarımızın dini hisslərinə tam hörmətlə yanaşır və bu bizim dövlətimizin üstünlüklərindən və əldə olunan nailiyyətlərindən biridir.
Tədbirdə Prezident İlham Əliyevin İrandakı soydaşlarımıza qarşı edilən haqsızlıqlar barədəki fikirləri hər bir azərbaycanlı tərəfindən böyük rəğbətlə qarşılandı, eləcə də bu gün İranda Azərbaycana və azərbaycanlılara qarşı olan qüvvələrə bir mesaj oldu. Bu gün İranda yaşayan 35 milyondan çox azərbaycanlıların ana dilində bir dənə də olsun məktəbi yoxdur. Burada azərbaycanlılar Azərbaycan dilini ancaq məişət səviyyəsində öyrənirlər. İranda bir ovuc ermənilər üçün erməni dilində məktəb açmalarına hər cür şərait yaradıblar. Azərbaycan dövləti İranda yaşayan azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan bütün dövlətlərlə, o cümlədən, region dövlətləri ilə yanaşı Ermənistanla da sülh, əmin-amanlıq və mehriban qonşuluq şəraitində yaşamaq niyyətindədir. Lakin, Lakin Ermənistan dövləti bunu dərk etmir. İranın isə, Azərbaycana qarşı yürütdüyü siysət və sərhədlərimizdə keçirdiyi hərbi təlimlər təxribatdır. Bütün bunlara baxmayaraq, İran və Ermənistan regionun nəqliyyat infrastruktur layihələrinə əngəl törədə bilməz.
Ən əsası, Prezident İlham Əliyev bir daha Azərbaycanın güclü və qüdrətli bir dövlət, Azərbaycan xalqının isə sülhsevər bir xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.
Arif Mehtiyev
YAP Masallı rayon təşkilatı
Bədəlan ərazi partiya təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
