Azinfo » Siyasət » XX əsrin milli Lideri

XX əsrin milli Lideri

Tarix : 22-12-2022   /   Siyasət  

Görkəmli dövlət xadimi, XX əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.


Ötən əsrlərdə itirə-itirə gəldiyimiz ərazilərimizi birləşdirmək, bütövləşdirmək... - bu çətin və şərəfli missiyanı Tanrı məhz ona verdi, onu seçdi – Yeni əsrin Lideri Prezident İlham Əliyevi. 19 il öncə - 2003-cü ilin 31 oktyabrında əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq and içən İlham Əliyev çıxışında demişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. O vaxt çoxları inanmırdı ki, ali kürsüdən and içən yeni Prezident “torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik” deyəndə təkcə gələcəklə bağlı vəd vermirdi, əslində böyük bir missiyanı öz üzərinə götürdüyünü bəyan edirdi... Bəli, Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Azərbaycan Prezidenti İlham Əliyevin «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Ordumuzun igid əsgər və zabitlərinin rəşadəti ilə uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistanı diz çökdürdü. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. O, bir daha vurğuladı ki, xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.


Bəli, bu Zəfər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin 19 illik müstəqil, qətiyyətli, prinsipial siyasətin bariz təcəssümüdür. Məhz cənab İlham Əliyevin siyasi iradəsi, düşünülmüş və hərtərəfli təhlildən keçmiş siyasi strategiyası, sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edildi, qalib dövlətə çevrildik, müzəffər xalq olduq, ölkəmiz bütün dünyaya yeni imicdə göründü, beynəlxalq aləm Azərbaycanı qüdrətli dövlət kimi yenidən kəşf etdi. Bu şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu təsdiqlədi.Göründüyü kimi, zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu - qalib Sərkərdə! Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.


Bir sözlə, Qarabağı “Dəmir yumruq”la azad edən Ali Baş Komandan regionda yeni reallıqlar yaratdı və proseslər göstərdi ki, artıq diktəni cənab İlham Əliyev edir. Xüsusilə də, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası onilliklərə bərabərdir. Ən mühüm məqam isə, Vətən müharibəsinin başa çatmasından 6 gün sonra - noyabrın 16-da Ali Baş Komandan qalib Sərkərdə kimi Qarabağa səfər etməsi oldu. Və savaş dövründə Azərbaycanın qəhrəman oğullarının döyüşə-döyüşə Şuşaya qədər getdikləri cığırları “Zəfər yolu” adlandırdı. Eyni zamanda, əsrə bərabər 19 ilin zirvəsində ən yadda qalan Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu, “Zəfər yolu” ilə Şuşaya qalib Sərkərdə kimi ayaq basdı və qədim qalamızdan dünyaya sülh mesajı verdi.Həmçinin, mədəniyyət paytaxiımız olan Şuşa şəhərində iki qardaş ölkənin liderlərinin - cənab İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi imzaladılar. Dövlət başçımızın söylədiyi kimi: «Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir «dəmir yumruq» yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”Bir sözlə, ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.



Eldar Kazımov
YAP Masallı rayon təşkilatnın məsləhətçisi

Şərhlər: 0

Şərh yaz