XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı beynəlxalq hüquq kontekstində
5 min illik dövlətçilik tarixi olan ölkəmiz tarix boyu mənfur qonşularının bədxah əmllərindən ziyan çəkib. Malik olduğumuz ən yüksək mənəvi dəyərlərə və ən ali insani keyfiyyətlərə görə daim yardıma, köməyə ehtiyacı olan, evsiz-eşiksiz qonşularımıza isti qucaq açmış, çörəyimizin ən çox hissəsini, evimizin ən rahat guşəsini onlara vermişik. Lakin çox təəssüflər olsun ki, mənfur qonşularımız tərəfindən davamlı olaraq, xəyanət, təcavüzkarlıq, etnik təmizləmə, tarixi torpaqlarımızn qəsb edilməsi, kütləvi terror və soyqırıma məruz qalmışıq. Ən çətin günlərində həyan olduğumuz, ağ günə çıxardığımız, mənfur , nanəcib qonşularımızın əməlləri nə insanlığa, nə qonşuluğa, nə də ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gəlmələyərək, fundamental insan hüquqlarını kobudcasına pozmuşdur.
İnsan hüquqlarının inkişaf mərhələlərinə diqqət yetirdikdə XX əsrin məhz insan hüquqlarının ən yüksək şəkildə inkişafını, beynəlxalq hüququn tərəqqi etdiyinin şahidi oluruq. Məhz XX əsrdə insan hüquqları sahəsində qəbul olunmuş mühüm təməl sənədlərdə, bütün insanların öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulmaları, hər kəsin, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan bütün hüquqlara və bütün azadlıqlara malik olmaları, eləcə də, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlasdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmaması, hər kəsin yasamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malik olması, heç kimin kölə vəziyyətində və ya asılı vəziyyətdə saxlanılmaması, heç kimin işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmaması təsbit olunmuşdur. Ancaq insan hüquq və azadlıqlarının təmini ilə bağlı qəbul edilən bu mühüm sənədlərin əhəmiyyətli müddəaları heç bir dövlətçilik tarixi olmayan, XIX əsrin əvvəllərindən İran və Türkiyədən Azərbaycanın tarixi ərazilərinə Çar Rusiyası tərəfindən köçürülən, əzəli torpaqlarımızda məskunlaşdıqdan sonra daim ərazi iddiaları, işğal siyasəti, qəsbkarlıq fəaliyyəti və təcavüzkarlıq siyasəti həyata keçirən, havadarlarının köməkliyi ilə çürük “Böyük Ermənistan” ideyası və xülyasını reallaşdırmaq istəyən mənfur Ermənistan dövləti mövcud nüfuzlu beynəlxalq təşkilatların, eyni zamanda özünü dünyada insan haqları, ədalət, demokratik prinsiplərə ən yüksək səviyyədə əməl edən subyektlər kimi təqdim edən dövlətlərin gözü qarşısında XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətmişdir. İşğalçı, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin, uzun illərdən bəri insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının apardığı etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşət doğuran nümunəsidir. Bəşər tarixinə öz vəhşiliyinə və cəza üsullarının ağlasığmaz qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşən, beynəlxalq hüquq normaları və prinsiplərini, insan hüquq və azadlıqlarını kobudcasına pozan, ən ağır cinayət məsuliyyətinə səbəb olan, qeyri-insani cəza üsulları, ən ağır işgəncə metodları, bir sözlə ağlasığmaz, sözlə ifadə oluna bilinməyən vəhşiliklərlə günahsız dinc əhaliyə, azyaşlı uşaqlara, qocalara, qadınlara divan tutulması və digər ağır nəticələrə səbəb olan Xocalı soyqırımından 31 il ötür. Tarix boyu törətdikləri cinayətlərə görə beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan Ermənistan Respublikası öz çirkin əməlləri ilə kifayətlənməyərək, daha da azğınlaşmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan ən dəhşətli kütləvi terror hadisələrdəndir. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası, üç istiqamətdə şəhərə yeridilmiş, “Alazan” tipli hərbi qurğular yaşayış evləri və şəhərin sosial infrastrukturunu dağıtmış və yandırmışdır. Dinc əhaliyə şəhərdən çıxmaq üçün dəhliz belə verməyən cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan soydaşlarımızı amansızcasına qətlə yetirmişlər. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Bu kütləvi insan qırğını erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin yeni bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik kimi dəyərləndirilməlidir.
Belə ki, beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tamamilə ziddir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.
Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Həmin vəhşilik və vandalizm aktı insanlığa qarşı törədilən qatı cinayət kimi öz layiqli qiymətini almalıdır.
Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün mənfur əməllər tətbiq olunmuşdur. Ürək ağısı ilə bir daha qeyd edim ki, işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.
Bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı sayılan Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsif olunması üçün hüquqi əsaslar aşağıdakı mühüm sənədlər mövcuddur:
1) BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya
2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur)
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi
5} Beynəlxalq Cinayət məhkəməsinin Statusu
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:
1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə əsasən həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər.
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırıma cəhd və soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi olaraq milli məhkəmə orqanlarının yurisdiksiyası dövlətin ərazisində cinayət törətmiş şəxslərlə məhdudlaşır. Hazırda beynəlxalq hüquq beynəlxalq cinayətlərin dövlətin ərazisindən kənarda törədilməsindən, cinayəti törədənin və ya zərər çəkmişin həmin dövlətin vətəndaşı olmamasından, eyni zamanda həmin cinayətlərin ölkənin dövlət maraqlarına ziyan vurub-vurmamasından asılı olmayaraq milli məhkəmə orqanlarına həmin cinayətlərlə bağlı yurisdiksiyanı həyata keçirməyə imkan verir. Hətta beynəlxalq hüquq milli məhkəmə orqanları üzərində bu cür öhdəlik qoyur, yəni universal yurisdiksiya tələb edir. Yurisdiksiyanın universallığı aut yudisare, aut dedere (ya cəzalandır, ya da ver) prinsipindən irəli gəlir. Bu prinsipə müvafiq olaraq dövlət müharibə cinayətini törətməkdə şübhəli bilinən və ya bu cinayətin törədilməsi barədə əmr vermiş şəxsi axtarmalı və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq məhkəmə məsuliyyətinə almalıdır.
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad şəxsi cinayət məsuliyyətindən azad etmir. Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan, təqsirə görə yalnız dövlətə sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları, rəhbərləri, icraçıları - konkret fiziki şəxslər də cəzalandırılmalıdır. Soyqırımı cinayəti törədilməsinə görə dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən vəzifəli şəxsləri də məsuliyyət daşıyır. Cinayətkar əmr verən şəxsin məsuliyyəti şübhə doğurmur. Çünki vəzifəli şəxsin əməli iki tələbi — tabeliyində olan şəxsin hüquqa uyğun davranışını təmin etmək və hüquqa müvafiq fəaliyyət göstərmək tələbini pozur. Nürnberq Hərbi Tribunalı Nizamnaməsinin 8-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqəssirin hökumət sərəncamı və ya rəisin əmrinə görə fəaliyyəti onu məsuliyyətdən azad etmir, lakin tribunal ədalət mühakiməsinin maraqları tələb etdiyi hallarda bunu, cəzanı yüngülləşdirmək üçün əsas hesab edə bilər. Yuqoslaviya Beynəlxalq Tribunalının Nizamnaməsində də tabelikdə olan şəxslərin öz cinayətkar hərəkətlərini hökumətin və ya yüksək vəzifəli şəxsin əmri əsasında törətməsi onların məsuliyyətini aradan qaldıran hal kimi nəzərdə tutulmamışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Statusuna əsasən Məhkəmənin yurisdiksiyası altına düşən cinayətlərin, hökumətin, mülki və ya hərbçi rəisin əmri ilə törədilməsi, aşağıdakı hallar istisna olmaqla, şəxsi cinayət məsuliyyətindən azad etmir: - müvafiq hökumətin və ya rəisin göstərişini yerinə yetirmək bu şəxsin qanuni vəzifəsidirsə; - bu şəxs əmrin qeyri-qanuniliyini bilməmişdirsə; - əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa. Statusa əsasən, soyqırımı cinayətinin və insanlıq əleyhinə cinayətlərin törədilməsi haqqında əmrlər açıq-aşkar qeyri-qanunidir.
5. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər şəxs məsuliyyət daşıyır. Komandirin məsuliyyət prinsipi onun tabeliyində olan şəxs tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının qarşısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara şamil edilir. Cinayət hüququnda tədbir görməməyə görə cinayət məsuliyyətinin sərhədləri dəqiqləşdirilmiş və məsuliyyət konkret hallardan asılı olaraq meydana çıxır. Beynəlxalq humanitar hüquq pozuntusunun qarşısının alınması üçün komandirin açıq surətdə tədbir görməməsi Cenevrə Konvensiyalarında ciddi pozuntu kimi müəyyənləşdirilmiş və cinayətlərin qarşısının alınması sisteminin bir hissəsini təşkil edir. Tabeliyində olan şəxslərin ciddi pozuntu törətməsi rəisin də həmin cinayətlərə görə məsuliyyətini yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı təkcə bir-başa beynəlxalq cinayət törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün tədbir görməmiş mülki hakimiyyət və hərbi rəis heyəti də cinayət məsuliyyəti daşıyır.
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir. BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931(XXIII) saylı qətnaməsi ilə qəbul edilmiş "Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyasının 1-ci maddəsinə əsasən müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilmir.
BMT-nin müvafiq Konvensiyasına görə soyqırımı törətmiş şəxslər bu əməlin törədildiyi dövlətin ərazisində səlahiyyətli məhkəmələr tərəfindən mühakimə oluna bilər. Azərbaycan Respublikasının Milli Məclisi 31 may 1996-cı ildə "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulmaq barədə qanunu təsdiq etdiyindən, sözügedən Konvensiyadakı norma icra edilməsi üçün Cinayət Məcəlləsinə ( maddə 103) əlavə edilib. Bu maddədən irəli gələrək Respublika Hərbi Prokurorluğu cinayət işi qaldırıb və yazının əvvəlində qeyd etdiyim kimi Xocalı soyqırımı ilə bağlı təqsirli bilinən şəxslərin cinayət məsuliyyətinə cəlb edilib cəzalandırmasına dair qərar qəbul edib. Buna baxmayaraq, təqsirli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb olunması hələlik mümkün deyil. Çünki cinayətkarlar əsasən təcavüzkar Ermənistanda gizləniblər. Belə olduğu təqdirdə Konvensiyaya uyğun olaraq, Azərbaycan BMT-yə müraciət edə bilər. Çünki BMT Təhlükəsizlik Şurası Xocalı üzrə hərbi tribunalın yaradılmasını təşkil etmək səlahiyyətindədir. Lakin bu gün müəyyən səbəblərdən BMT Təhlükəsizlik Şurası çərçivəsində bu məsələyə qiymət vermək imkanına malik deyilik. Yəni Təhlükəsizlik Şurasının daimi üzvlərindən 3-ü - ABŞ, Rusiya və Fransa faktiki olaraq Ermənistanı himayə edir. Bu səbəbdən hələlik BMT Təhlükəsizlik Şurasının hərbi tribunal yaradacağı inandırıcı deyil. Perspektiv planda Yuqoslaviya və Ruandada olduğu kimi Xocalı hərbi tribunalının qurulması mümkün ola bilər. Lakin Azərbaycan Xocalı soyqırımını müxtəlif ölkələrin parlamentlərində tanıtmağa çalışdığı kimi bu soyqırıma BMT Beynəlxalq Məhkəməsi çərçivəsində də hüquqi qiymət verilməsinə nail olmalıdır. Çünki BMT Beynəlxalq Məhkəməsi beynəlxalq hüququn istənilən məsələsinə hüquqi qiymət vermək səlahiyyətinə malikdir. Məlumdur ki, Azərbaycan BMT Beynəlxalq Məhkəməsinin yurisdiksiyasını tanımır. Ancaq biz Beynəlxalq Məhkəmənin yurisdiksiyasını "ad hoc" qaydada tanıyaraq, beynəlxalq çərçivədə Xocalı soyqırımı ilə bağlı məsələyə qiymət verilməsinə nail olmağa səylərimizi davam etdiririk.
İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur.
Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir.
Ziya İsmayılov
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri
Şərhlər: 0
Şərh yaz