Azinfo » Siyasət » Prezident Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonun xüsusi nümayəndəsini qəbul etmişdir

Prezident Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonun xüsusi nümayəndəsini qəbul etmişdir

Tarix : 30-03-2023   /   Siyasət  
             
Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.
             
Prezident bildirmişdir ki, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işləri cari ilin sonuna qədər başa çatdırmalıyıq.             
Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir ki, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır.
             
Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, biz 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək enerji potensialı var.
             
Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Çox gözəl yerdə bizim dini məbədimiz yaxın gələcəkdə inşa ediləcəkdir. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək.
               
Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.
               
Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. 
Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik.
             
Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Azərbaycan yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

            Ceyhun Hüseynov Soltanağa oğlu -  Masallı MRX İƏ söbəsinin mütəxəssisi

Şərhlər: 0

Şərh yaz