Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil
“44 günlük müharibəyə qədər dünya da, o cümlədən, Ermənistan da Azərbaycana 90-cı illərin prizmasından baxır, yeni hərbi əməliyyatlar başlayarsa, İrəvanın qələbəsinə şübhə etmirdilər. Lakin, cənab İlham Əliyev iqtisadi müstəqilliyə nail olub müstəqil müdafiə sənayesi qurmaqla, Silahlı Qüvvələrdə ciddi islahatlar keçirib 21-ci əsrin ordusunu qura bildi”. Bu sözləri deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində biz bu reallığı gördük: “Cənab İlham Əliyev beynəlxalq humanitar hüququ rəhbər tutub necə müharibə aparmaq olar, dünyaya göstərdi. Bu prosesdə xüsusi rolu təbii ki, Ümummilli Liderin şah əsərlərdən biri olan və cənab İlham Əliyev tərəfindən inkişafının ən yüksək dövrünü yaşayan Xüsusi Təyinatlılar oynadı.
Bu qüvvələr üzrə əsas heyət cənab İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclikdən ibarətdir ki, məhz onlar Şuşa kimi alınmaz qalanı işğaldan qurtarmaqla dünya hərb tarixində yeni səhifə açdılar. O cümlədən, digər istiqamətlərdə fövqəladə şücaət və qəhrəmanlıqları ilə onlar 30 il möhkəmlənmiş erməni ordusunu fərari yığınına çevirdilər.
Ona görə də cənab Prezidentin dediyi kimi, Ermənistan, Ermənistan Silahlı Qüvvələri Azərbaycan Xüsusi Təyinatlılarının adı gələndə titrəməyə başlayırlar.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezidentin bu çıxışı yalnız bizim ordumuzla qürur duyduğumuzun dilə gətirilməsi kimi sadə aspekti əhatələmir, bu bəyanat, həm də ciddi hərbi-siyasi mesaj hesab olunmalıdır: “Bildiyiniz kimi, hazırda Ermənistandan, xüsusən cəmiyyətin müxtəlif dairələrindən revanş ritorikası hiss olunmaqdadır. Müzəffər Ali Baş Komandanın Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində "bu gün bizim Ordumuz müharibə dövründəki ordumuzdan daha da güclüdür", deməklə, əslində proseslərə ümumi münasibətini bildirmiş oldu. Ermənistan da, ona havadarlıq edən dairələr də bilir ki, bu gün nə qədər revanşdan danışsalar da müharibə dövründə fərarilik edən erməni toplumu ilə Azərbaycanın yaratdığı reallığa qarşı gəlmək mümkün deyil. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında bütün mümkün ssenarilərə uyğun davranmağa hazırdır və bütün şərtlərdə dövlətimizin maraqları ən yüksək səviyyədə təmin ediləcək”.
Şərhlər: 0
Şərh yaz
