Azinfo » Siyasət » Rəsmi xəbər » Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb

Sofiyada “Həmrəylik halqası”yla Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb

Tarix : 26-04-2023   /   Siyasət / Rəsmi xəbər  
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.

Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzaladılar.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənildi. Xanım Kadri Simson imzalanmış Anlaşma Memorandumunun regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcəyini vurğuladı, bu məsələdə Azərbaycanın roluna toxunaraq dedi: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən enerji təchizatı həlledici olmuşdur. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri dəstəkləyir”.

Sonra çıxışlar oldu.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Anlaşma Memorandumunun əhəmiyyətinə toxundu, bunun “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq dedi: “Ölkələrimiz arasında məhsuldar münasibətlərin, yüksək həmrəyliyin və strateji tərəfdaşlığın təmin edilməsi məqsədini daşıyan liderlərimizin uzaqgörən siyasəti və yorulmaz səyləri nəticəsində bu gün biz Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşmasının şahidi oluruq. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Cənub Qaz Dəhlizi sayəsində iki ildən də artıq müddət ərzində tərəfdaşlarımız üçün etibarlı və sabit enerji təchizatında strateji rol oynayan ölkədən - Azərbaycandan olan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. “Həmrəylik Halqası” təşəbbüsü, həmçinin Cənub Qaz Dəhlizinin genişlənməsi vasitəsilə imkanlar təqdim edir və eyni zamanda, enerji sahəsində Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinə töhfə verir. Mən bu yeni təşəbbüslə bağlı bizim səylərimizə uğurlar diləyirəm. Çox sağ olun”.

Bolqarıstanın energetika naziri Rosen Hristov Anlaşma Memorandumunun imzalanmasını Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addım olduğunu vurğuladı. Bolqarıstanın Avropa İttifaqına, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıyan “Həmrəylik Halqası” (STRING) layihəsinin təşəbbüskarlarından biri olduğunu vurğulayan nazir bildirdi ki, indi region ölkələri bu sahədə öz məqsədlərinə nail ola bilərlər. O, hazırda regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması imkanları üzərində birgə iş aparıldığını diqqətə çatdırdı.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini qeyd edərək dedi: “Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. “Həmrəylik Halqası” olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın həqiqətən də mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq. Bizə mütləq Türkiyə də lazım olacaq. Mərkəzi Avropanın gələcək enerji təchizatının mühüm bir hissəsini təşkil edəcək Azərbaycandan olan qaz həcminə güvənmək üçün ümid edirik ki, onlar da gələn dəfə təmsil olunaraq razılaşmanın bir hissəsi olacaqlar”.

Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyətini xüsusi vurğulayaraq dedi ki, bu, layihədə iştirak edən ölkələr arasında uğurlu və sıx əməkdaşlığın qurulmasının göstəricisidir. Bu gün dünyanın enerji təchizatında ciddi böhran və enerji təhlükəsizliyi üçün böyük risklərlə üzləşdiyi bir zamanda bu əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Rumıniyalı nazir bu təşəbbüsün bütün regionun ümumi inkişafına töhfə verəcəyini vurğulayaraq ölkəsinin layihəyə fəal dəstək verdiyini qeyd etdi.

Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman isə Azərbaycanla əməkdaşlığın önəminə toxunaraq dedi: “Bu gün biz Anlaşma Memorandumunu imzalamaqla aydın siyasi mesaj göndəririk. Bu mesaj ondan ibarətdir ki, biz Avropaya təbii qazın idxalı üçün yeni dəhliz yaratmağa, tərəfdaşımız olan Azərbaycanla əməkdaşlıq etməyə və qaz təchizatının ümumi şaxələnməsinə töhfə verməyə hazırıq. Slovakiya Azərbaycandan əlavə qaz təchizatını təmin etmək üçün regionumuzdakı qazötürücü sistemi operatorlarının mövcud infrastrukturdan istifadə edilməsi və onun müasirləşdirilməsi çağırışını alqışlamışdır. Mən bizim qazötürücü sistem operatorlarının Azərbaycandan Mərkəzi və Şərqi Avropaya yeni dəhlizin yaradılması ilə bağlı təşəbbüsünün reallaşdırılmasına və SOCAR ilə əməkdaşlığa Slovakiya İqtisadiyyat Nazirliyinin tam dəstəyini ifadə etmək istəyirəm. Yekunda şəxsi fikrimi bildirmək istəyirəm. Mən neft və qaz mühəndisiyəm və Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq.

Çox sağ olun”.

Şərhlər: 0

Şərh yaz