Azərbaycan Prezidenti: Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir
Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etməkdən imtina edir. Ermənistanın bu addımı onun törətdiyi cinayətlərə görə üzr istəməli olduğunun bir daha təsdiqidir.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində səsləndirilib. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın otuz illik hərbi təcavüzünün fəsadları hələ də insanların həyatına və ətraf mühitə böyük təhlükə yaratmaqda davam edir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində ekosid, urbisid və kultursid törədərək torpaqları, çayları zəhərləmiş, meşələri məhv etmiş, şəhər və kəndləri dağıtmış və bu ərazilərə çoxsaylı minalar basdırmışdır. Bu, həm insanların yaşamaq hüququnu, həm də ətraf mühiti ciddi şəkildə təhdid etmişdir.
Azərbaycan Prezidenti əlavə edib ki, 30 ildən artıq müddət ərzində hüquqları pozulmuş və yurdlarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası elan olunmuş və bu bölgələrdə yeni şəhərlər və kəndlər inşa edilməkdədir. Bu quruculuq işləri Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini və mədəni irsin bərpasına verdiyi önəmi bir daha göstərir.
Şərhlər: 0
Şərh yaz