Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Tarix : 17-10-2024   /   Siyasət / Rəsmi xəbər  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək COP29 konfransına hazırlıq işləri ilə tanış olub. Azinfo.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov tədbirə hazırlıqla bağlı görülən işlər barədə dövlət başçısına məruzə edib.
Məlumatda qeyd edilib ki, COP29 məkanında tikinti və quraşdırma işləri tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etməsi nəticəsində, tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tələb olunan vaxtda təhvil verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə, həmçinin konfransın ilk günlərində keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Dövlət başçısı tədbirin keçirilməsi üçün yaradılmış infrastruktur, təhlükəsizlik tədbirləri, enerji ehtiyaclarının yaşıl enerji mənbələri hesabına qarşılanması üçün tətbiq edilən həllər və qeydiyyat prosesi ilə də yaxından tanış olub.
Bundan əlavə, Prezidentə COP29 konfransının "Yaşıl Zona"sında görülən işlər və Media Mərkəzinin vəziyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, konfransı işıqlandırmaq üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.

Prezident İlham Əliyev hazırlıq prosesinin davam etdirilməsi və müvafiq sahələrdə görüləcək işlər barədə tapşırıqlarını verib.

Şərhlər: 0

Şərh yaz