Azinfo » Siyasət » Rəsmi xəbər » Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Rusiya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Rusiya Prezidenti ilə görüşüb

Tarix : 30-06-2022   /   Siyasət / Rəsmi xəbər  
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.

Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.
Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.
Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.

Şərhlər: 0

Şərh yaz