Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılışında iştirak edib

Prezident Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılışında iştirak edib

Tarix : 21-07-2022   /   Siyasət / Rəsmi xəbər  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub.

Dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk Sənaye Parkıdır. Cənubi Qafqazın ən böyük Sənaye Parkının ərazisində neft-kimya, kimya, tikinti materiallarının istehsalı və digər prioritet sənaye sahələri üzrə müəssisələr fəaliyyət göstərir, həmçinin yeni istehsal və emal müəssisələri yaradılır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Sənaye Parkında ümumi investisiyaların həcmi 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın sərmayə yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 17-si artıq fəaliyyət göstərir. Bu gün istifadəyə veriləcək “Glassica” Qapalı Səhmdar Cəmiyyəti və “Azərsulfat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 19-a çatacaq.

Parkın rezidentləri tərəfindən ümumilikdə 5,86 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 2,15 milyard manatdan çox hissəsi (36,7 faiz) ixracın payına düşür.

Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən 2021-ci ilin birinci yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin müvafiq dövründə 52,14 faizdən çox – 1,2 milyard manatlıq məhsul istehsal olunub. İxrac isə ötən ilin birinci yarısı (267,5 milyon manat) ilə müqayisədə 1,9 dəfə artaraq bu ilin altı ayında 508 milyon manat təşkil edib.

Məlumat verildi ki, Sənaye Parkında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunur.

Əsas göstəricilərdən biri də odur ki, Sumqayıt Kimya Sənaye Parkında 6 mindən çox insan daimi işlə təmin edilib.
Prezident İlham Əliyev əvvəlcə “Glassica” Qapalı Səhmdar Cəmiyyətinin şüşə tara məhsullarının istehsalı müəssisəsi ilə tanış oldu.
Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi İbrahim Həsənov müəssisə barədə məlumat verdi.

Bildirildi ki, təməli 2021-ci il yanvarın 18-də dövlətimizin başçısı tərəfindən qoyulan, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisədə il ərzində 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal olunacaq. Müəssisədə istehsal edilən məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.
Dövlət başçısı müəssisəni işə saldı.

Şərhlər: 0

Şərh yaz